Müxalifətçiyə 25 il həbs cəzası verildi
O, hökumət əleyhinə etirazlar zamanı “terrorçu qrup” yaratmaqda ittiham olunur
Qrodno Vilayət Məhkəməsi Belarus müxalifətinin lideri Nikolay Autuxoviçə 25 il, işdə iştirak edən digər müttəhimlərə isə 2 il yarımdan 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası kəsib. Onlara qarşı Cinayət Məcəlləsinin 15 maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq iddia edir ki, müxalifətçi və daha 11 nəfər 2020-ci ildə hökumət əleyhinə etirazlar zamanı “terrorçu qrup” yaradıb.
Oktyabrın 7-də Nobel Komitəsi Belarusun tanınmış müxalifətçisi, “Viasna” hüquq müdafiə mərkəzinin sədri Ales Bialiatskini Sülh Mükafatı laureatı elan edib. Kütləvi etirazlar dövründə o, Koordinasiya Şurasının üzvü olub. Ales Bialiatski ötən ilin iyulunda saxlanılıb.
“Viasna” hüquq-müdafiə mərkəzinin məlumatına görə, Belarusda 1300-dən çox siyasi məhbus var. Ölkədə 2020-ci il prezident seçkiləri zamanı başlayan dinc etirazlar zorakılıqla yatırılıb.
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Nikolya Autuxoviçin Belarusda siyasi məhbuslara verilən ən uzun müddətə məhkum edildiyini qeyd edib və cəzanı biabırçı adlandırıb.
(Euronews)