Seulda böyük faciə: ölənlər arasında azərbaycanlı yoxdur
“Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq səfirliklə əlaqə saxlamaları xahiş olunur”
Oktyabrın 29-u axşam saatlarında Cənubi Koreyanın paytaxtı Seulda kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə, təxminən 100 min nəfər insanın iştirak etdiyi “Hellouin” şənliklərində izdiham yaranıb. İzdiham böyük qarışıqlığa və xaosa səbəb olub. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Həyatını itirənlər arasında Çin, Norveç, İran, Özbəkistan və Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.
Azərbaycanın Cənubi Koreyadakı səfirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı olmadığı bildirilir.
“Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hansısa məlumat daxil olmayıb. Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq səfirliklə əlaqə saxlamaları xahiş olunur”, - deyə məlumatda vurğulanır.