İki böyük ölkə arasında toqquşma
Himalay dağlarında yeni gərginlik gözlənilir
Qərb mətbuatında beynəlxalq aləmə 2023-cü ildə problem yaradacaq münaqişələr barədə məqalələrin sayı artıb. Bu münaqişələrdən biri kimi Çin-Hindistan sərhədində gərginliyin artacağı da göstərilib. Müxtəlif illərdə Çin-Hindistan sərhədində toqquşmalar olub. Bu toqquşmalar sırasında hər iki tərəf itki veriblər. Sərhədin dağlıq hissəsi ən gərgin bölgələrdəndir.
Hindistanda hesab edirlər ki, iki ölkə sərhədçiləri arasında Himalay bölgəsində yenidən toqquşma ehtimalı var. Çin sərhədin bu hissəsində hərbi varlığını gücləndirir, sərhədə dağ yolları inşa edir. Hindistanda hazırlanan hesabatlarda toqquşmaların intensivləşəcəyi proqnozlaşdırılır.
Bu toqquşmalar zamanı Çin hərbçilərinin irəliləyə biləcəyi vurğulanıb. Çin sərhədin dağlıq hissəsini Hindistanın içərilərinə doğru çəkməyə çalışır. Sərhədin dağlıq hissəsələri bufer bölgə sayılır.
Çin-Hindistan sərhədinin uzunluğu 3 min 500 kilometrə yaxındır. Sərhədin dağlıq hissəsindəki mübahisə 1950-ci illərdən davam edir. 2020-ci ilin yay aylarında toqquşma zamanı 24 hərbçi həlak olub.
Gərginliyin artmaması üçün hər iki ölkənin hərbçiləri və diplomatları şifahi razılıq əldə ediblər. Ancaq şifahi razılaşma müvəqqətidir. Təsadüfi deyil ki, iki il sonra sərhəddə yeni toqquşma baş verib. Doğrudur, bu zaman tərəflər itki verməyiblər, ancaq münaqişənin gələcək illərdə davam edəcəyi qorxusu var.
Maraqlıdır ki, Çin və Hindistan müxtəlif platformalarda əməkdaşlıq edirlər. Misal üçün, Çin və Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvləridir. Buna baxmayaraq, Hindistanda min nəfər arasında aparılan sorğu zamanı 43 faiz hindli ölkələri üçün Çini ən böyük təhlükə kimi qiymətləndirib.
Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi
Mənbə: “Facebook”