Sonuncu “qırmızı khmer”in hökmü verildi
“Çox xoşbəxtəm, hökm doğrudur, düşünürəm ki, ədalətlidir”
Sağ qalan sonuncu “Qırmızı khmer” (Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək, 1975–1979-cu illərdə ölkəni idarə edən radikal kommunist hərəkat – qurucusu Pol Pot) lideri və Kambocanın keçmiş rəhbəri Kheyu Samphanın apellyasiya şikayəti təmin edilməyib. Kamboca üzrə Xüsusi Tribunal soyqırımı və insanlığa qarşı cinayətlərə görə əvvəlki hökmü - ömürlük həbs cəzasını qüvvədə saxlayıb.
Samphan BMT-nin iştirakı ilə xüsusi məhkəmə tərəfindən iki dəfə ömürlük həbs cəzasına məhkum edilib: 2014-cü ildə - insanlığa qarşı cinayətlərə görə, 2018-ci ildə isə yenə - Çam xalqının və etnik vyetnamlıların soyqırımını təşkil etdiyinə görə. Onunla birlikdə müttəhimlər kürsüsündə Kambocada “Qırmızı khmer” diktaturası dövründə əsas fiqurlardan biri və Pol Potdan sonra ikinci şəxs olan Nuon Çea (artıq həyatda deyil) əyləşmişdi.
1970-ci illərdə, indi 91 yaşlı Samphan Demokratik Kampuçiya hökumətinin başçısı və prezidenti idi, o vaxtlar Kamboca Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Pol Potun rəhbərliyi altında ölkə belə adlanırdı.
“Qırmızı khmerlər” hərəkatı 1970-ci illərdə Kambocada utopik kənd təsərrüfatı dövləti qurmağa cəhd etdi. Ölkə əmək kənd təsərrüfatı kommunalarına bölündü, burada yerli kəndlilər və şəhərlərdən qovulan insanlar ən çətin şəraitdə fiziki əməklə - əsasən çəltik əkməklə məşğul olurdular.
Ultra-maoçu rejim 1979-cu ildə Vyetnam qoşunlarının Kambocaya hücumundan sonra süqut etdi, lakin “Qırmızı khmerlər” partizan müharibəsini 10 ildən çox davam etdirdilər.
Müxtəlif hesablamalara görə, onların hakimiyyətinin üç il yarımı ərzində bir milyon yarımdan iki milyona qədər insan - etnik vyetnamlı, çinli və çamlılar həlak olub.
Pol Pot rejiminin cinayətləri ilə bağlı təhqiqatlar BMT-nin dəstəyi ilə 2006-cı ildə yaradılmış Kamboca üzrə Fövqəladə Tribunal tərəfindən aparılırdı. O, həm Kambocadan, həm də digər ölkələrdən olan hakimlərdən ibarət idi.
Tribunal sonda yalnız beş “Qırmızı khmer” liderini mühakimə etdi, onlardan ikisi məhkəmələr zamanı öldü. Pol Pot özü 1998-ci ildə vəfat etdi və bununla da cəzadan qurtuldu.
Kxeu Samphan və Kamboca rejiminin iyerarxiyasında olan ikinci şəxs Nuon Çeanın birinci hökmü 2014-cü ildə verilib. Hər ikisi soyqırımı və digər cinayətlərə görə ömürlük həbsə məhkum ediliblər. Nuon Çea 2019-cu ildə, 93 yaşında vəfat edib.
Bu iki nəfərdən əlavə, yalnız bir yüksək rütbəli “Qırmızı khmer” hökmünə qədər sağ qaldı - 18 minə yaxın insanın işgəncələrə məruz qaldığı S-21 həbsxanasının rəisi, "Duç" ləqəbli Kainq Kek İev. "Duç" tərəfdaşlarından çox gənc idi, həm də keçən il, 77 yaşında, tribunal onu 35 il həbs cəzasına məhkum etdikdən on il sonra öldü.
Həqiqi ədalət
Kxieu Samphan haqqında hökm “Qırmızı khmer” rejiminin keçmiş məhbusları, buddist rahiblər, diplomatlar, məmurlardan ibarət məhkəmə zalına yığışan 500-ə yaxın insanın iştirakı ilə verildi. Onların arasında Kamboca sosializminin qurulmasının dəhşətlərindən sağ çıxan Yu Syoun da var idi.
“Xoşbəxtəm. Baş verənlərin bir daha təkrarlanmaması üçün əsl ədalətin zəfər çalmasını istəyirəm. Biz Pol Pot rejimi kimi bir şeyin bir daha təkrarlanmasını istəmirik. Onlar insanları amansızlıqla öldürdülər”, - deyə Yu Syoun jurnalistlərə açıqlamasında bildirib.
91 yaşlı Çum Mey S-21 həbsxanasından sağ çıxmağı bacaran azsaylılardan biri idi. O da Shamphana hökm oxunan iclasda iştirak etdi və “Çox xoşbəxtəm. Hökm doğrudur. Düşünürəm ki, ədalətlidir”, - deyə açıqlama verdi.
Kamboca üzrə Fövqəladə Tribunalın prokurorlarından olan Ferqal Qaynor elə bir ruhda danışdı ki, heç bir, hətta ən ağır cəza belə, “Qırmızı khmer”lərin cinayətlərinin şiddətinə və sayına adekvat deyil.
“Bu cinayətlərin miqyası nəhəng idi. Bu cür cinayətlər qarşısında heç bir məhkəmə nə qurbanların əzabını tam ödəyə, nə də günahkarları ədalətlə cəzalandıra bilərdi. Amma çoxlu kambocalıların və onların xaricdən olan həmkarlarının əməyi sayəsində “Qırmızı khmer” rejimi tərəfindən işgəncələrə məruz qalan və öldürülən milyonlarla insan üçün ədalət müəyyən qədər bərpa edildi”, - deyə prokuror vurğuladı.
(BBC)