Tarixi gün gəlib çatdı
Bu gün İsveç və Finlandiya NATO-ya üzvlük protokollarını imzalayacaq
NATO İsveç və Finlandiya ilə üzvlük danışıqlarını başa çatdırıb. “Avropa həqiqəti”nin yazdığına görə, bu barədə iyulun 4-də Alyansın mətbuat xidmətindən məlumat verilib.
“Finlandiya və İsveç keçən həftə Madriddə keçirilən sammitdə NATO üzv ölkələrinin liderləri tərəfindən razılaşdırıldığı kimi, NATO-nun Brüsseldəki mənzil-qərargahında üzvlüklə bağlı danışıqları başa çatdırıb. Hər iki ölkə öz siyasi, hüquqi və hərbi öhdəliklərini yerinə yetirmək istəklərini və bacarıqlarını rəsmən təsdiqləyib”, - deyə bəyanatda bildirilir.
Finlandiya nümayəndə heyətinə xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaykkonen, İsveç nümayəndə heyətinə isə xarici işlər naziri Ann Linde başçılıq edib.
Qeyd edildiyi kimi, iyulun 5-də ölkələr üzvlük protokollarını imzalayacaq. Bundan sonra həmin protokollar öz milli qanunvericiliklərinə uyğun olaraq bütün üzv ölkələrə ratifikasiya üçün təqdim olunacaq.
Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də birlikdə NATO-ya daxil olmaq üçün tarixi ərizə təqdim edib. Finlandiya üçün bu, bir çox onillikləri, İsveç üçün isə, təxminən 200 illik neytrallığı sona çatdırır.
Hələ iyun ayında Madriddə keçirilən sammitdə hər iki ölkənin qəbul edilməsi qərarı Türkiyənin veto qoyması səbəbindən şübhə altında idi.