“Ay kommunist fahişə, kiminlə yatmısan?”

“Ay kommunist fahişə, kiminlə yatmısan?”

Həbsxana divarları arasında haray: “Heç nəyi etiraf etmə və zalımlara ölüm!”

Tanınmış iranlı fəal və hüquq müdafiəçisi Sepide Qolian saxlanıldığı “Evin” həbsxanasının zindanlarından məktub yazıb və orada məhbusların işgəncə ilə etiraflarının necə alınmasından danışıb. Qadın 2018-ci ildə tətillərdən birini dəstəklədiyi zaman "milli təhlükəsizliyə zidd" hərəkət etdiyi üçün beş il müddətinə azadlıqdan məhrum edilib.

“Evin” həbsxanasından yazdığı məktubda fəal ona və digər məhbuslara qarşı pis rəftardan danışır. Onun sözlərinə görə, işgəncə altında olan insanlardan alınan etiraflar daha sonra günahlarının sübutu kimi dövlət televiziyasında yayımlanır.

“Həbsdə olduğum dördüncü ildə nəhayət ki, bütün İranda azadlıq addımlarını eşidə bilirəm”, - deyən Qolian ölkəni bürüyən hazırkı hökumət əleyhinə etirazlara istinad edərək yazır: ““Qadınlar”, “Həyat” və “Azadlıq” şüarları “Evin” həbsxanasının qalın divarlarından belə, eşidilir”.

Qolian həbsxanada olarkən hüququ öyrənir. Məktubda o, imtahan verdiyi həbsxananın “mədəni” qanadının necə “işgəncə və dindirmə evinə” çevrildiyini təsvir edir.

Yazdığına görə, o, orada gənc məhbusların necə dindirilməsini şəxsən müşahidə edib: “İmtahan otağı oğlan və qızlarla doludur, orada işgəncə verənlərin qışqırtıları eşidilir”.

O, bu səhnələri 28 dekabr 2022-ci ildə imtahan üçün bu qanada gətirilərkən müşahidə edib: "Soyuqdur, qar yağır, müstəntiqin qabağında, giriş qapısının yanında, yalnız nazik boz köynəkdə, gözü bağlı bir gənc oturub. O, titrəyir və təkrarlayır: “Vallah, heç kəsi vurmamışam”. Ondan etiraf tələb olunur. Otağın yanından keçəndə ona qışqırıram: “Heç nəyi etiraf etmə və zalımlara ölüm!””.

HRANA insan haqları xəbər agentliyinin məlumatına görə, İranda iğtişaşlar zamanı 69-u uşaq olmaqla, azı 519 etirazçı öldürülüb, 19300-ə yaxın insan həbs edilib. İndi onların bir çoxunu asılaraq ölüm cəzası gözləyir və televiziyada etiraflar göstərildikdən sonra artıq dörd hökm icra edilib.

Hüquq müdafiəçiləri və vəkillər iddia edirlər ki, məhkəmələr vəkilsiz keçirilir və müttəhimlərə günahlarını etiraf etməyə məcbur etmək üçün prosesdən əvvəl işgəncələr verilir. Hakimiyyət bunu inkar edir.

Ümumilikdə, ötən ilin sentyabrında İranda kütləvi etirazlar başlayandan bəri televiziyada onlarla məhbusların məcburi etirafları nümayiş etdirilib.

Sepide Qolian yazdığı məktubunda xatırlayır ki, 2018-ci ildə Xuzistan əyalətindəki şəkər zavodunda işçilərin tətilini dəstəklədiyinə görə həbs olunanda o da dindirilib və etiraf etməyə məcbur edilib. Deyir ki, onu bir qadın dindirib və o, sorğu-sualın kişi olmasından daha yumşaq olacağına və ya heç olmasa, cinsi zorakılıq olmadan aparılacağına ümid edib...

Lakin onun ümidləri özünü doğrultmayıb. Qadın müstəntiq oturduğu stolun ayağına bərk təpik vuraraq qışqırıb: “Ay kommunist fahişə, kiminlə yatmısan?”.

Keçən ilin dekabrında 34 il həbs cəzası çəkən digər qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədi son etiraz dalğasında həbs olunan qadınların həbsxanada necə cinsi istismara məruz qaldıqlarını ətraflı izah edib.

Qolian, müstəntiqin onun göz bağını necə qopardığını və ona iddia edilən kişilərlə cinsi əlaqəsini kamerada təsvir etməyi əmr etdiyini izah edir. Qolian tabe olmaqdan imtina edib. Deyir ki, bir neçə saatlıq sorğu-sualdan sonra onu tualetə buraxmaq üçün necə yalvarıb. Nəhayət, tualetə gedəndə müstəntiq onu kabinənin içərisinə itələyib və qapını bağlayıb.

Qolianın sözlərinə görə, bu tualet sorğu-sual otağının içərisində olub və o, yaxınlıqda məhbusların işgəncələrə məruz qaldığını və şallaqlandığını eşidib: "İşgəncə səsləri saatlarla, bəlkə də, bütün gün davam etdi, mən sadəcə vaxtın izini itirdim".

Qolian daha sonra yazır ki, tualetdən buraxıldıqdan sonra, demək olar, yuxusuz üç günlük sorğu-sualdan sonra yorğun halda onu artıq videokamera quraşdırılmış otağa aparıblar: "Mən yarıhuşsuz vəziyyətdə idim, müstəntiqdən kamera qarşısında verdiyi mətnini götürüb oxudum".

Bu etiraf əsasında Qolian 5 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə Qolian “Karçak” həbsxanasında olarkən və televiziyada başqa bir məhbusun etirafına baxarkən, onu dindirən qadını tanıyıb. Məktubunda o, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan bu qadının - "müstəntiq-jurnalist" Əminə Sadat Zabihpurun adını verir.

2022-ci ilin noyabrında ABŞ Maliyyə Nazirliyi Zabihpura qarşı sorğu-suallarda və ikili vətəndaşların və digər məhbusların məcburi etiraflarının videoçəkilişində iştirakına görə sanksiya tətbiq edib. Zabihpur isə öz növbəsində Qoliana qarşı məhkəmə iddiası qaldırıb və bunun üçün onun həbs müddəti daha 8 ay artırılıb.

Qolian məktubunu hazırkı etirazların əslində inqilab olması ilə bitirir. O yazır: "Bu gün Merivan, İze, Reşt, Sistan, Bəlucistan küçələrində və İranın hər yerində eşitdiyimiz səs-küy dindirmə otaqlarından gələn səslərdən daha güclüdür. Bu, inqilabın səsidir!".

(BBC)