Tolstoyevskilər əbəs yerə sevinirlər
Sevinirlər ki, Surovikin Ukraynanı bombalayır
Sevinirlər ki, Rusiya Ukraynanı raket zərbələri ilə darmadağın edir. Ancaq hara qədər? Bir çox hərbi ekspertlər rus ordusunun arsenalının sürətlə seyrəldiyini deyirlər – raket defisiti yaranır. Digər tərəfdən yenilərini istehsal etmək üçün isə ən az 6 aylıq bir period lazımdır.
Ancaq ən önəmli problem başqadır. “The Telegraph” xəbər verir ki, hərbi gəmilər, qanadlı raketlər və döyüş təyyarələri üçün əsas komponentlər Ukrayna zavodlarında istehsal olunur. İndiyə qədərki texnika savaşdan illər əvvəl – Krımın ilhaqından da öncə istehsal olunmuşdu. Görünməmiş sanksiyalar altında rusların texnika və sursatları sürətlə yeniləmə ehtimalı çox zəifdir.
Sevinirlər ki, Rusiyanın Ukrayna hərəkatına artıq general-polkovnik Surovikin rəhbərlik edir. Surovikinin əvvəlkilərdən üstün heç bir məziyyət və qabiliyyəti yoxdur.
Krım körpüsündə xarizma cızılınca yerlərdə sürünən ölkənin prestijini təcili bərpa etmək, rus əfkari-ümumiyyəsini dərin ruh çöküntüsündən çıxarmaq lazım idi. Surovikinin təyinatı tam da təsadüfən bu zamana düşdü. Kremldəki “Vur” deyə əmr verincə, o, ağına-bozuna baxmadan Ukraynanı raket hücumlarının dəhşətinə buraxdı.
Fevralda təyin olunsaydı Surovikin də uğursuz olacaqdı. Çünki fevralda Putin qələbə gözləyirdi, həm də atəş açmadan. Məgərsə o, ukraynalıları heç tanımırmış, onların vətənpərvərliyini heç bilmirmiş.
Digər yandan Surovikin elə böyük bir komandandırsa, nə üçün Kiyev, Xarkov, Liman məğlubiyyətlərindən sonra Putin onu qabağa çəkmədi? Nə üçün ölkəsinin, ən əsası da özünün taleyini bu xilaskara etibar etmədi?
Cavabı çox sadədir. Çünki Putin Surovikinin qabında nə var, nəyə qadir olduğunu çox yaxşı bilir. Surovikin ona sadəcə olaraq bir “İldırım sipəri”, daha doğrusu “Günah keçisi” olaraq lazımdır…
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”