Kasparov və Maskın apperkotu
İki tanınmış şəxs “Twitter”də duelə çıxıb
Kasparovu sevmirəm. Səmimi deyil, sürüşkəndir, tigranoiddir .
Məktəbli ikən bizim məhlənin uşaqları Klara Şaqenovnanın oğlunu yekəxanalığına görə Suren Osipyanda sürəkli kötəkləyirdilər.
Bunu ona görə yazıram ki, tanıyırdım onu. Xain olmasını “çörəyinin dizi üstə” olmasını sonralar hər kəs bildi və s.
Bizim resurslarımız hesabına Dünya çempionu oldu. Amma qara qəpiyə satdı ölkəsini…
İlon Maska yaxşı münasibətimi bilməyən yoxdur. Kitabını tərcümə etmişəm, fikirlərini yayıram, texnoloji yeniliklərini sürəkli paylaşıram, “SpaceX”-in aerokosmonavtikadakı uğurlarını dilə gətirməkdən usanmıram, bütün missiyaları haqda “Facebook”, “Twitter”, “Telegram” və “Instagram” profillərimdə məlumat verirəm…
Ukrayna ilə bağlı atdığı bir tviti dəstəkləmədiyimi yazdım dünən. İndiyə qədər Maskı “fırıldaqçı”, “yalançı” adlandıranlar birdən-birə “masksevər” kəsildilər. Hətta Maskı yarızarafat, yarıcıddi “sarsaqladı” yazdım deyə bəziləri məni topa tutmağa təşəbbüs etdilər.
Halbuki, Maskın Ukrayna haqqında irəli sürdüyü yersiz və məntiqsiz təkliflərinin qəbuledilməz olduğunu yazmışdım sadəcə.
“Krım Rusiyaya qalsın”, “Ukraynada yenidən referendum keçirilsin” kimi absurd şeylər yazdığı üçün “sarsaqladı” deməyim guya onların şəstinə toxunmuşdu. Sorsan, Mask kimdir, gözlərini döyə-döyə qalacaqlar amma.
Bu gün də düşünürəm ki, dünənki tviti yanlışdı.
Qaldı ki, birinin sarsaqlaması onun ağılsız və ya savadsız olması demək deyil, düşünmədən səhv fikir irəli sürməsi deməkdir.
Bu gün isə Maskı dəstəkləyirəm yenə. Çünki Kasparov Maskla söz duelinə çıxdı və bu eksentrik adamı “xain” adlandırdı, onun yazdıqlarına “mənəvi idiotluq” dedi.
Buna cavab olaraq da Mask erməni havadarı Qarikə bircə sualla sərt bir apperkot endirdi: “Sən tvit atmaqdan başqa nə edibsən Ukrayna üçün?” deyə soruşdu.
Sonra davaya Zelenski də qarışdı, daha sonra Ukraynanın Almaniyadakı səfiri Maskı çox pis bir söyüşlə təhqir etdi. “Demokrat” Kasparov yanan atəşə benzin tökdü. Ancaq Mask ortaya çıxıb “Mən onsuz Ukraynanın tərəfindəyəm” deməklə mübahisələrə, deyəsən, nöqtəni qoydu.
Tigranoid Kasparov apperkotdan özünə hələ də gəlməyib deyirlər…
Müəllif: İbrahim Nəbioğlu (publisit, araşdırmaçı)
Mənbə: “Facebook”