“Azərbaycanı Əfqanıstanla səhv salırdılar”
Anelya İsayeva: “Elə bilirdilər ki, Azərbaycan Orta Asiyada, Çinlə sərhəddə yerləşir”
İsveçdəki Azərbaycan diasporunun fəalı Anelya İsayeva AYNA-ya müsahibəsində maraqlı məqamlara toxunub. Beləliklə:
- Zəhmət olmasa, özünüz haqqında məlumat verin.
- Mən Qusar şəhərində doğulub boya-başa çatmışam. Bir müddət ailəm Rusiyada yaşasa da, əsasən uşaqlığım Qusarda keçib. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil oldum. Tələbəlik illərində ekoloji tədbirlərdə, təşkilatlarda fəal iştirak edirdim. Mən həmişə ətraf mühitin mühafizəsi və davamlı inkişafla maraqlanmışam. Hətta Almaniya və Rumıniyada keçirilən iki böyük beynəlxalq seminarda Bakını təmsil etmişəm.
2008-ci ildə sosial-ekoloji alternativ qəsəbədə təcrübə keçmək üçün bir il müddətinə Finlandiyaya getdim. Təcrübədən sonra orada işləmək təklifi aldım və dörd il Finlandiyada qaldım. Bu ölkəni çox bəyəndim. Daha sonra isveçli ərimlə tanış oldum, evləndim və İsveçdə yaşamaq üçün köçdüm. Artıq 11 ildir ki, burada yaşayıram.
İsveçdə təhsilimi davam etdirdim, Uppsala Universitetində ekologiya üzrə dərəcə aldım, sonra Stokholm Universitetinin Şəhər və Regional Planlaşdırma fakültəsində magistr proqramına daxil oldum. Təhsil aldığım müddətdə təcrübə keçmişəm, ondan sonra Dövlət Geotexnika İnstitutunda fəaliyyətimi davam etdirmişəm. Burada iqlim dəyişikliyi riski altında olan İsveç sahil zolağı şəhərlərinin gələcək inkişafı üçün perspektivləri və strategiyaları araşdırmaq üçün iki böyük tədqiqat layihəsi üzərində işləmişəm. Geotexnika İnstitutundan sonra mənə Lund Universitetində iş təklif etdilər. Burada mən həmçinin İsveçin cənubundakı Skane bölgəsinin sahil zolağının möhkəmləndirilməsi və qorunması üçün elmi layihə üzərində işləyirəm. Yeri gəlmişkən, bugünlərdə “Nordic Journal of Botany”də elmi məqalə dərc etmişdik.
- Finlandiya və İsveçdə Azərbaycan haqqında nə qədər eşidiblər?
- Finlandiyada, sonra isə İsveçdə olduğum ilk illərdə Azərbaycan haqqında çox az adam bilirdi. Təbii ki, kimsə bu ölkə haqqında eşidib, amma çoxları onu Əfqanıstanla səhv salırdı. Ölkənin yerini daim izah etməli, xəritədə göstərməli idim. Çoxları elə bilirdi ki, Azərbaycan Mərkəzi Asiyada Çinlə sərhəddə yerləşir.
Bakıda keçirilən “Eurovision 2011”-dən sonra artıq bir çox insan Azərbaycan haqqında məlumat əldə edib. Üstəlik, İsveç təmsilçisi bu yarışın qalibi oldu. Bir çox isveçlilərə Nobel qardaşları haqqında deyəndə təəccübləndilər ki, Nobel mükafatında Azərbaycanın neft sərvətlərindən kapitalın bir hissəsi var.
Hesab edirəm ki, Bakıda keçirilən bütün böyük beynəlxalq tədbirlər, turizm layihələri izsiz ötüşmür. Dünya Azərbaycanı öyrənməyə, xəritəyə baxmağa, ölkə haqqında məlumatları oxumağa başlayır. Bunda Azərbaycan diasporunun da böyük rolu var. Azərbaycanın imicini, mədəniyyətini, tarixini yaymaq işi onun çiyinlərinə həvalə olunub.
Özümlə Finlandiyadan, İsveçdən qonaqlar gətirmişəm ki, vətənimi öz gözləri ilə görsünlər. İsveçin elmi dairələrində bizim vasitəmizlə Azərbaycandan olan, müxtəlif universitet və institutlarda çalışan azərbaycanlılar var, ölkəmiz haqqında artıq çox adam bilir.
- İsveçdəki Azərbaycan diasporu haqqında nə deyə bilərsiniz?
- İsveçdəki Azərbaycan diasporunun bir neçə təşkilatı var ki, onların da ən böyüyü və nüfuzlusu İsveç Azərbaycanlıları Konqresidir (İAK). İAK Azərbaycanı tanıtmaq üçün çoxsaylı ictimai-siyasi tədbirlər keçirir. İsveçdə Azərbaycan teatrı da var, biz Finlandiya, Norveç və Danimarka diasporları ilə də fəal əməkdaşlıq edirik.
İAK-ın tərkibində olan “Şahdağ” Assosiasiyasının rəhbəriyəm. Bu, İAK-ın bir növ filialıdır. Hazırda biz yeni gələn azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyası üçün iki böyük layihə üzərində işləyirik, o cümlədən Azərbaycanın mədəni həyatını, mətbəximizi, adət-ənənələrimizi və s. təqdim edəcək açıq qapı həftəsi təşkil edirik. İsveçdə bir çox azərbaycanlı bir çox sahələrdə mühüm uğurlar əldə edib. Bunlar tanınmış həkimlər, hüquqşünaslar, idmançılar, menecerlər və müəllimlərdir.
- Azərbaycandakı layihələrinizlə maraqlandılarmı?
- Təəssüf ki, mənim Azərbaycanın elmi dairələri ilə əməkdaşlıq etmək imkanım yox idi, amma çox istərdim. Üstəlik, mənim məşğul olduğum məsələlər Xəzərin, Kürün və digər iri su hövzələrinin sahil zolağı üçün çox aktualdır. Ümid edirəm ki, mənim bilik və təcrübəm Azərbaycanda ətraf mühitin qorunmasına töhfə verəcək. Hazırda bütün dünyada ekoloji problemlər aktualdır.