Gözlənilən gələcək gəldi: 200 min robot peyda olacaq

Gözlənilən gələcək gəldi: 200 min robot peyda olacaq

“Biz daha çox yük daşımalıyıq, texnologiya köməyə gələcək”

Dubay sənaye və xidmət sahələrində 200 min robotu “işə götürməyi” planlaşdırır. Belə bir vəzifə hakimiyyət tərəfindən əmirliyin iqtisadiyyatını canlandırmaq ümidi ilə tərtib edilib.

Robotlar hücuma keçir

Robot texnikasının, avtomatlaşdırmanın cəmiyyətimizdə rolu artır və Dubay öz iqtisadiyyatının gələcəyini bu yeniliklərsiz görmür.

Dubay Gələcək Fondunun rəhbəri Xalfan Belhoul robotların yaxın gələcəkdə kök salacağı sahələr haqqında danışır: "Biz bilirik ki, mobillik, robototexnika və süni intellektin birləşməsi bizim həyat tərzimizi kökündən dəyişəcək. Bilirik ki, səhiyyədə qabaqcıl robototexnika cərrahi əməliyyatlar zamanı son dərəcə mühüm rol oynayacaq. Sənayedə, pərakəndə satışda robotlar çox diqqət çəkəcək".

Dubay Gələcək Fonduna robototexnika və avtomatlaşdırma proqramına rəhbərlik etmək tapşırılıb. BƏƏ vəliəhdi tərəfindən elan edilən təşəbbüs yaxın onillikdə innovasiyaların ÜDM-ə töhfəsini 9%-ə qədər artırmağı vəd edir.

Trilyonlarla qazanc

Ekspertlər qeyd edirlər ki, əmək məhsuldarlığının artırılması bütövlükdə iqtisadiyyatın inkişafına mühüm təkan verir və son araşdırmalar göstərir ki, 2030-cu ilə qədər süni intellekt qlobal iqtisadiyyatın strukturunda 13 trilyon avroya qədər gəlir əldə edəcək.

Robotlaşdırma nəinki istehsal xərclərini azaldır, həm də daha çox çeşiddə mal və xidmətlər təqdim edir, iş yerləri yaradır. “Oxford Economics Middle East” qrupunun idarəedici direktoru Scott Livermore deyir: "Təşəbbüs Dubay və BƏƏ-nin səy göstərdiyi sənaye xidmətlərinə əsaslanan sənayenin inkişaf etdirilməsi vizyonuna uyğundur. Onlar robotlaşdırma və avtomatlaşdırmaya investisiyaların dəstəklənməsi üçün kompleks tədbirlər görsələr, xarici investisiyaların və istedadların cəlb edilməsi siyasətini davam etdirsələr, proqram uğurlu ola bilər”.

Mütəxəssis vəd edir: “Robotlar ucuzlaşdıqca və daha bacarıqlı olduqca, onlar getdikcə daha çox xidmət sektoruna keçəcəklər. Beləliklə, logistika, səyahət və turizm, səhiyyə, qonaqpərvərlik - insanların Dubayda düşündükləri bütün əsas sənayelərdə robotlar qalib gələcək. Robotlar həm də mütləq xərclərin azaldılmasına kömək edəcək”.

Logistikada robotlar

Proqram çərçivəsində növbəti on il ərzində xidmət, logistika və sənaye sektorlarında 200 min robot peyda olacaq. Bu cür köməkçilərin potensialı artıq qlobal logistika lideri olan DP World tərəfindən tam avtomatlaşdırılmış terminallarında həyata keçirilir.

Şirkətin direktoru Sultan Əhməd bin Sulayem qeyd edir ki, biznesin inkişafı məntiqi innovasiyasız işləməyə imkan vermir: "Bu gün demək olar ki, tam avtomatlaşdırılmış terminallarımız var. Biz daha çox yük daşımalıyıq, texnologiya köməyə gələcək. Əl ilə çoxlu təhlükəli manipulyasiyalar olub, lakin intensivlik, biznesin həcmi, məhsuldarlıq istəyi bizdən bu sahədə irəliləyiş tələb edir”.

Dubayın təşəbbüsü bir neçə əsas sahəyə yönəlib: istehsal, istehlak xidmətləri, turizm, əlaqəli mobillik, logistika, səhiyyə. Daşınmaz əmlak sektoru da robotların gəlişindən faydalana bilər. Singularious qrupunun idarə heyətinin sədri, Eltizam şirkətinin direktoru Kris Roberts robototexnikanı ağıllı şəhərlərin inkişafı ilə əlaqələndirir.

Roberts deyir: "Əsas element ağıllı aktivlərin, süni intellektə malik aktivlərin formalaşmasıdır. Məsələn, binanın özü sizə onu necə idarə etməyi, onu necə saxlamağı dəqiq deyir. Smart-şəhərlərdən söhbət gedirsə, idarəetmə əmrləri şəhər mühitinin müxtəlif elementlərdən gəlir. Belə bir dialoq üçün məlumat, avtomatlaşdırma və indikindən bir qədər fərqli mühit tələb edir. Vəliəhdin açıqlaması bu keçidi daha tez həyata keçirməyə imkan verəcək. Yeri gəlmişkən, ağıllı şəhəri inkişaf etdirməklə siz xərcləri 20-30% azaldırsınız, binaların idarə edilməsi daha səmərəli olur. Təsəvvür edin ki, belə idarəetmə ilə bir bina deyil, deyək ki, BƏƏ-də olan 3000 göydələn bir növ xab şəklində idərə edilir”.

Dubay yerli istedadları dəstəkləyərkən, ən son robot texnologiyasını mənimsəməyə və inkişaf etdirməyə tələsir. İstəsək də, istəməsək də, gündəlik həyatımızda süni intellektin və avtomatlaşdırmanın mövcudluğu daha da artacaq.

(Euronews)