Uçan maşınlar, robot itlər və sürücüsüz taksilər – VİDEO
Texnologiya əsri və Dubay təəccübləndirməkdə davam edir
Uçan avtomobillər və robot itlər, metakainatda görüşlər və özünü idarə edən taksilər bu ayın əvvəlində Dubayda Körfəz İnformasiya Texnologiyaları Sərgisində (GITEX) nümayiş etdirilən texnologiyalardan yalnız bir neçəsidir. Mövcud olduğu 42 il ərzində GITEX 90 ölkədən 5000 şirkəti cəlb edərək, balaca sərgi salonunda təmsil olunan qlobal tədbirə çevrildi.
"Bu gün GITEX dünyanın ən böyük texnoloji şousudur - bu, Dubay və bütövlükdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hansısa sektorun inkişafına diqqət yetirdikdə əldə edə biləcəyi uğurun sübutudur. Biz həqiqətən də bu sahəyə çox diqqət yetiririk. Texnologiya, qlobal oyunçular GITEX-ə təkcə müxtəlif ölkələrdən alıcı tapmaq üçün deyil, həm də BƏƏ bazarına daxil olmaq ümidi ilə gəlirlər”, - süni intellekt, rəqəmsal iqtisadiyyat və telekommutasiya naziri Ömər Əl Olama deyir.
Dubay Dünya Ticarət Mərkəzində yerləşən sərginin sahəsi təxminən 200.000 m²-dir ki, bu da demək olar ki, 33 futbol meydançasıdır.
Sürücüsüz hava avtomobili və taksi
Ziyarətçilərin diqqətini çəkən məqamlardan biri də iki nəfərlik uçan avtomobil olub. Futuristik Çin “Xpeng X2” prototipi karbon lifindən hazırlanıb və karbon qazı buraxmadan iki sərnişin daşıya bilir. O, şəhər ətrafında hərəkət etmək üçün nəzərdə tutulub, aşağı hündürlükdə, maksimal uçuş sürəti 130 km/saat olacaq.
“Xpeng Aeroht” Aerokosmik Tədqiqat üzrə baş işçi Ang Liu Xinying: "Biz kiçik kvadrokopterlərin inkişafı ilə başladıq, buna görə də təcrübə qazandıq. Tədricən aeromobilin ölçüləri böyüdü və daha çox təhlükəsizlik tələblərinə cavab verdi. Bu mərhələyə çatmaq üçün bizə 8 il lazım oldu. Düşünürəm ki, satışa başlamaq və yeni nəsil üzərində işləmək üçün bizə daha 2-3 il lazımdır”.
Ancaq quru ilə səyahət etməyi üstün tutursunuzsa, Dubay Yollar və Nəqliyyat İdarəsi tərəfindən təqdim ediləcək avtopilotlu taksi ilə maraqlana bilərsiniz. Avtomobil üzərində işlər tezliklə başa çatacaq və gələn ilin sonunadək minlərlə belə avtomobilin Dubay küçələrində tanış mənzərə olacağı gözlənilir.
"Biz onları şəhərin müxtəlif ərazilərində sınaqdan keçirməyə hazırlaşırıq. Dubayın bəzi əraziləri üçün yüksək dəqiqlikli xəritələri işə salırıq. “Jumeirah” Gəzinti Ərazisi ən müasir texnologiya ilə təchiz edilmiş bu avtomobillər üçün belə bir sınaq meydançası olacaq. Bu lazer radar, eləcə də küçələrdə hərəkət edərkən avtomobilin ətrafında tam görünməni təmin edən 360° kameradır”, - deyə Nəqliyyat Sistemləri direktoru Khaled Alavadi bildirir.
Metakainatda görüşənədək
Dubayda keçirilən texnologiya sərgisində hər şey gələcəyə yönəlib. “Engineered Arts” şirkəti insanabənzər robotları təqdim edib. Bu il metakainatın inkişafına da diqqət yetirilir.
“MCH Global”ın rəhbəri Uli Stanke: "Biz ilk növbədə təcrübəyə əsaslanan marketinq agentliyiyik, brendlərimiz və müştərilərimiz rəqəmsal texnologiyalara, xüsusən də virtual məkana doğru getdikcə daha da irəliləyirlər və biz bu prosesdə onlara kömək etmək qərarına gəldik. Buna görə də biz inkişaf etmişik. Brendlərə və marketoloqlara bu yeni mühitin imkanlarını anlamağa kömək etmək üçün sınaq metakainat konsepsiyası olan immersiv məkan “Arcadia”nı təqdim etmişik".
Lüksemburqda yerləşən TRMW Fondu GITEX-də “Room” adlı yeni video xidmətini təqdim etdi. Məhsul 3D texnologiyası ilə “Zoom” üslubunda video zənglər yaradır. İstifadəçilərin proqramı yükləməyə ehtiyacı yoxdur. “Room” brauzer vasitəsilə işləyir və bir kliklə metakainatda görüşlər keçirməyə imkan verir.
CEO və Baş Məhsul Direktoru Stephanie Palomino: ““Room” canlı olduğu kimi insanlarla onlayn əlaqə saxlamağa imkan verir. Əsasən, biz video konfrans yorğunluğu ilə mübarizə aparırıq. İstifadəçilərimiz rəqəmsal olaraq birlikdə işləməkdən zövq alırlar”.
Bu il GITEX rekord sayda qonaq cəlb etdi. Onları gələcəyimizi daha rahat etmək üçün nəzərdə tutulmuş yüksək texnologiyalara olan həvəs birləşdirir.
(Euronews)