Baş nazir rəqs etdiyinə görə tənqid edildi: “Narkotik testindən keçirilsin” - FOTO
“Mənim ailə həyatım var, işim var və dostlarımla keçirdiyim boş vaxtım var - təxminən mənim yaşımda olan bir çox insan kimi”
Finlandiyanın Baş naziri Sanna Marinin iştirak etdiyi ziyafətin videogörüntüsü ölkədə çoxlarının mənfi reaksiyasına səbəb olub. Sosial şəbəkədən götürüldüyü güman edilən kadrlarda onun və dostlarının, o cümlədən finlandiyalı məşhurların rəqs etdiyi və mahnı oxuduğu əks olunub.
36 yaşlı Marin müxalifət partiyalarının tənqidi ilə üzləşib - aparıcı siyasətçilərdən biri, hətta, onun narkotik testindən keçməsini tələb edib.
Baş nazir narkotik qəbul etdiyini inkar edir. Onun sözlərinə görə, yalnız spirtli içki qəbul edib və səs-küylü məclisdə iştirak edib.
Dünyanın ən gənc Baş naziri şənliklərə getdiyini heç vaxt gizlətməyib. Bundan əlavə, o, tez-tez musiqi festivallarında fotosessiyaya çəkilir.
Marin keçən il COVID-19 xəstəsi ilə yaxın təmasda olduqdan sonra kluba getdiyi üçün üzr istəyib.
Ötən həftə Almaniyanın “Bild” nəşri Marini "dünyanın ən krutoy Baş naziri" adlandırıb.
Qalmaqallı videoya münasibət bildirən Marin çəkiliş aparıldığını bildiyini deyib. Bununla belə, o, videonun ictimaiyyətə yayılmasından narahatdır.
“Mən şənlikdə rəqs etdim, mahnı oxudum və əyləndim - tamamilə qanuni şeylərdir. Mən heç vaxt başqalarının (narkotik istifadə edən) gördüyüm və ya bildiyi bir vəziyyətdə olmamışam”, - deyə Baş nazir bildirib.
Müxalif "Əsl Finlər" partiyasının lideri Riikka Purra hökumət başçısını könüllü narkotik testindən keçməyə çağıraraq, Baş nazirin üzərində "şübhə kölgəsi"nin qaldığını bildirib.
Müxalifət partiyasının digər siyasətçiləri həm ölkənin Baş nazirini, həm də Finlandiya mediasını daha vacib daxili məsələlərdən çox partiyalar haqqında məlumat yaydıqlarına görə tənqid ediblər.
Baş nazir özünü müdafiə edərək jurnalistlərə deyib: “Mənim ailə həyatım var, işim var və dostlarımla keçirdiyim boş vaxtım var - təxminən mənim yaşımda olan bir çox insan kimi”.
Siyasətçi davranışını dəyişməyi vacib saymadığını da bildirib: “İndiyə qədər necə idimsə, elə adam olacam və ümid edirəm ki, bu, qəbul olunacaq”.
Marin 2019-cu ilin dekabrından Finlandiyanın Baş naziri, 2020-ci ilin avqustundan isə Finlandiya Sosial Demokrat Partiyasının sədridir.
(BBC)