TRDELNİK

TRDELNİK

Paxlava, şorqoğalı, yoxsa…?

Yolunuz Praqaya düşəndə mütləq “Trdelnik” dadın. Mərkəzdəki küçə və meydanlarda gözünüzün önündəcə manqalda bişirib satırlar. 

Manqal oxuyub elə bilməyin ki, ət yeməyidir. Trdelnik ölkənin turistik brendinə çevrilmiş xəmirdən hazırlanan bir tatlıdır, şirin çörəkdir. Ölkəyə gələnlər elə ilk gündəcə bu desertin dadına baxmağa can atırlar.

Metal şişlərə çəkilmiş xəmir kömür üzərində kabab kimi çevrilərək bişirilir. Qızardılandan sonra üzərinə şəkər və ceviz qırıntıları səpilir. Bəzən dondurma ilə yeyirlər.

Çexlər tredelniki nə qədər özününküləşdirsələr də, onun mənşəyi slovakdır. "Trdelník" sözü də slovak dilində “metal”, “şiş” deməkdir.

Trdelnik mütləq və mütləq manqaldan çıxan kimi isti-isti yeyilməlidir. Bəzi turistlər onu punş və ya qlintveynlə (isti şərab) yeyirlər. 

Mənsə onu qaynar alma suyu ilə yedim. Şirin şeylərlə aram çox da olmamasına rəğmən bu küçə desertini çox bəyəndim.

“Paxlavamı, şorqoğalımı, yoxsa trdelnikmi” sorsanız, düşünmədən paxlava və şorqoğalı deyərəm.

Ancaq gəl gör ki, tək ləzzət hər şeyi həll etmir. Onu “satmaq”, onun “əfsanəsini” yazmaq, tanıtmaq çox-çox daha önəmlidir. 

Praqada trdelnik yeyəndə məni xatırlayın…

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”