Pilotsuz uçan taksilər gəlir
“Səmada bir hava taksisi görsəniz, bilin ki, o, tam təhlükəsizdir”
Avropa İttifaqında (Aİ) çox yaxın gələcəkdə pilotsuz uçan taksi peyda ola bilər. 2024-cü ildə mülki dron istehsalçıları öz məhsullarını Aİ-də geniş ictimaiyyətə təqdim etməyə ümid edirlər. Tezliklə baş verəcək belə bir texnoloji sıçrayışdan xəbər tutan vətəndaşlar, avtomatlar tərəfindən idarə olunan havadan daha ağır olan maşınların qəzaya uğramayacağına zəmanət istəyirlər.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) icraçı direktoru Patrik Ki onları buna əmin edir: "Mənim işim yalnız təhlükəsiz nəqliyyat vasitələrinin uçmasına icazə verməkdir. Avropa səmasında pilotsuz nəqliyyat vasitəsi görsəniz, bilin ki, o, sertifikatlı olduğundan heç bir təhlükə yaratmır. “Sertifikatlı” dedikdə, biz bu dronu diqqətlə yoxlayırıq və onun istənilən kommersiya təyyarəsi ilə eyni səviyyədə təhlükəsizliklə işləməsini təmin edirik. Beləliklə, 2024-cü ildə bir hava taksisi uçarsa, bu, yalnız təhlükəsiz olacağı üçün baş verəcək. Əks halda uçmayacaq”.
Brüsseldəki sərgidə nümayiş etdirilən pilotsuz hava taksisinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında insanların daşınması üçün istifadə olunacağı güman edilir. O, heç bir zərərli emissiya yaratmayan və adi helikopterdən dörd dəfə daha səssiz olan elektrik mühərrikləri ilə idarə olunan 18 rotora malikdir.
“Volocity” adlı pilotsuz uçuş aparatı təxminən 20 km məsafədə uça bilir. O, Avropa Komissiyasının dron strategiyasına mükəmməl uyğun gəlir. Brüssel hava taksilərini "ağıllı, yaşıl və rəqəmsal" olan şəhər nəqliyyat sistemlərinə inteqrasiya etmək niyyətindədir. Strategiya pilotsuz təyyarələr üçün Avropa bazarının gələcək inkişafını nəzərdə tutur.
SESAR birgə müəssisəsinin rəhbəri Andreas Boşenin sözlərinə görə, onlardan müxtəlif məqsədlər üçün, o cümlədən irimiqyaslı kommersiya əməliyyatları üçün istifadə oluna bilər: “Layihələrimizdən biri olan “SAFIR-Med” göstərir ki, xəstəxanadan laboratoriyaya və ya başqa xəstəxanaya tibbi avadanlıq, qan nümunələri, orqanlar və s. çatdırmaq mümkündür. Bu, daha təhlükəsiz, daha sürətli və daha davamlıdır”.
(Euronews)