Əgər o ölməsəydi...

Əgər o ölməsəydi...

Osmanlı ordusunun snayperi nişangahındakı adamın necə böyük bir zəka sahibi olduğunu bilmirdi

Bu gün Dmitri İvanoviç Mendeleyevin (8 fevral 1834 - 2 fevral 1907) doğum günüdür. O, böyük alim idi. Ancaq kimyəvi elementlərin periodik cədvəlinin müəllifi o deyil…

BİR ALİMİ VURMAQ

Onu 27 yaşında vurdular. Çanakkaledə, Gelibolu yarımadasında, Türkiyədə.

Osmanlı ordusunun snayperi karabinin optik nişangahında vuracağı gəncin necə böyük bir zəka sahibi olduğunu bilmirdi. Bilsə, tətiyi çəkərdimi? Heç şübhəsiz ki, çəkərdi. Çünki cəng gedirdi, tərəddüd belə, etmədi. 

1915-in isti yay günü idi. I Dünya savaşı davam edirdi...

Henri Mozli (ing. Henry Moseley, 1887-1915) görkəmli ingilis fizikidir, rentgen spektroskopiyasının əsasını qoyub, 25 yaşında fizikanın bir qanununa onun adı verilib.

Əfasanəvi İton kollecindən (Eton College) məzun olub, daha sonra Mançester və Oksford universitetlərində təhsil alıb. Dahi ingilis fiziki E.Rezerfordun tələbəsi olan Mozli bəzi kimyəvi elementlərin yaydığı rentgen şüalarının dalğalarının uzunluğu ilə elementlərin atom nömrələri arasında əlaqəsini kəşf etmiş, elementlərin xüsusiyyətlərinin atom ağırlıqlarına deyil, atom nömrələrinə görə bağlı olduğunu göstərmişdir.

Mendeleyevin 1869-da natamam olaraq təklif etdiyi elementlərin cədvəli onun tərəfindən elmi əsasa oturdulmuşdu (bu səbəbdən də rus kontentində Mozli haqda çox az məlumat var). Mozlinin kəşfi kimyəvi elementlər cədvəlinin bünövrəsini təşkil etdi.

I Dünya müharibəsinin başlaması ilə Mozli könüllü olaraq İngilis Kral Ordusuna yazılır. Rabitəçi olaraq kapitan rütbəsində cəbhəyə gedir. Müttəfiq dövlətlər 18 mart 1915-də tarixi Çanakkale Savaşında Türk Birlikləri tərəfindən ağır məğlubiyyətə uğrayırlar.

İngilislər qalan qüvvələri ilə sonuncu hərbi avantüraya baş vururlar. Mozlinin olduğu hərbi birləşmə Sarıbayır hərəkatında Anafartalar Qrup Komandanı Albay Mustafa Kemal (gələcəyin Atatürkü) və onun əsgərləri ilə qarşı-qarşıya gəlir…

Henri Mozli 10 avqust 1915-də vurulur. Məzarı da vurulduğu yerdə - Çanakkaledədir.

Elm tarixçilərinə görə, Mozli savaşda həlak olmasaydı, atom və nüvə fizikalarının inkişafında misilsiz işlər görəcəkdi.

Ayzek Azimov (Isaac Asimov) onun ölümü haqqında belə yazıb: “Mozli ölməsəydi, daha hansı kəşflər edə biləcəyi baxımından... Onun ölümü Bəşəriyyət üçün müharibədəki ən böyük yeganə itki idi”.

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”