Çinin “ruh şəhərləri”
İqtisadiyyat qarışıq və qəddardır
Bundan əvvəlki yazılarımda qeyd etdiyim kimi, iqtisadiyyatın qəddar qaydaları var: nələrsə dağılmalıdır ki, nələrsə tikilsin. Müharibələrin ali fəlsəfəsinin belə, təməl daşları iqtisadi səbəblər olub.
İnsan oğlu yaranandan bəri gəlirinin əksərini tikintiyə sərf edir. Ev tikir, iş yeri tikir, abidə tikir, şəhər salır, yol salır, kanal çəkir, təsisat qurur. Bu, oturaq həyata keçən sivilizasiyaların təməl meyarlarından olub ki, bu gün də daha texnoloji metodlarda, yeniliklərdə davam edir. Prinsip isə eynidir.
Amma sual ortaya qoyulur ki, nə qədər? İnsan nə qədər tikəcək, hara qədər, hansı müddətədək? Bunun da dirəndiyi, dəyişikliyə məruz qaldığı anları olur.
Təbiət özü maddələri korroziyaya uğradır, dəyişdirir. Bu proses zamanla tikinti işlərinin köhnəlib dəyişilməsinə səbəb olur. Başqa cür hansısa modası keçmiş təsisatlar dağıdılır, sonra yerinə zamana uyğun nələrsə tikilir.
Amma bütün bunlar cari planla olan, uzun zamana baş verən və geniş əhatəli olmayıb, periodik həyata keçirilən proseslərdir. İqtisadiyyat tavana dirəndikdə dəyişikliklər hansısa kütləvi xarakterə çevrilər. Yəni, kütləvi dağıdıb yenidən qurmaya. Bunları heyata keçirən ən əsas dağıdıcı qüvvə isə müharibələr olub.
21-ci əsrin sürətli iqtisadi inkişaf qrafikasında Çin başlıca dövlətdir. Bir anda qalxan iqtisadiyyat böyük layihələri və tikintiləri özü ilə gətirdi. Ölkədə gəlirlərin artması və pul dövriyyəsinin iş əmsalında yenə tikinti mühüm dərəcədə durdu. Balıqçı Çin qəsəbələri bir anda göydələnlərə malik milyonluq şəhərlərə çevrildi. Onsuz da ən böyük pul dövriyyəsi əmlak sektorlarında olur. Kapitalizmin əsas sahibləri iri əmlak və istehsal sahibləridir.
Bu günün dünyası çox fərqli məcrada baş verən proses və dəyişikliklərlə zəngindir. Çində baş verən bu ani hərəkətliliyin də söykənəcəyi əmlak sistemi vardı. İş o yerə gəldi ki, artıq tələbatdan əlavə tikinti layihələri icra olunmağa başladı. İqtisadiyyat qalxdıqca çarxın işləməsini göstərən meqa tikinti layihələri, şəhərsalmalar sürətlə həyata keçirilməyə davam etdi. Nəticədə isə Çində bu gün "ruh şəhərlər" yarandı.
Bu gün Çində 280 milyon insanı yerləşdirə biləcək boş şəhərlər, qəsəbələr var. Tikiliblər, ancaq yaşayanlar yoxdur. Həmin iqtisadi artımın yaratdığı göbələklər kimi göydələn qəsəbələr səssizcə durmaqdadır.
Bundan sonra nə baş verir? Çində əmlak böhranı.
Çin həmin şəhərləri artıq dağıtmağa başlayır, çünki insanoğlu daim nəsə tikməlidir. Tikməyə nəsə qalmayanda, dağıdıb yenidən tikməlidir. İqtisadiyyatın arxasında mütləq süni də olsa taxta, dəmir, sement, kərpic, beton səsləri gəlməlidir.
Göründüyü kimi, binaları müharibə dağıtmayanda insanlar özləri süni olaraq uçururlar. Uçururlar ki, yenidən tikməyə iqtisadi səbəb və yaşamağa motivasiya olsun.
İqtisadiyyat belə qarışıq və qəddardır. Həyatın özü belə ironik, qəlizdir.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”