Özünü yandıran “İsaya” 5 il iş verildi
Kriseviç bir neçə səs-küylü aksiyası ilə tanınır
Moskvanın Tverskoy Məhkəməsi Qızıl Meydanda intiharı təsvir edən rəssam-aksiyaçı Pavel Kriseviçi, ümumi rejimli kolonda saxlanılmaq şərtilə, 5 il müddətinə azadlıqdan məhrum edib. İttiham tərəfi belə hökmdə israr edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Ötən il iyunun 11-də Kriseviç Moskvanın Qızıl Meydanına gedərək, boş tapançadan havaya iki dəfə atəş açmağı imitasiya edib. Daha sonra o, guya gülləni öz başına da vuraraq, intihar səhnəsi yaradıb.
Adam dərhal saxlanılıb və ona qarşı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. O vaxtdan həbsdədir.
Kriseviç özü bu hərəkətini siyasi performans və repressiya qorxusundan qurtulmağın bir yolu adlandırıb.
Qeyd edək ki, Kriseviç bir neçə səs-küylü aksiyası ilə tanınır.
2020-ci ilin avqustunda "Yeni Böyüklük" işi üzrə hökmün çıxarıldığı Moskvadakı Lyublino Məhkəməsinin pilləkənlərində Kriseviç polis məmuru qiyafəsində manekenin “boğazını kəsərək”, tamaşaçıların üzərinə qırmızı boya sıçratmışdı.
2020-ci ilin noyabrında o, çarmıxa çəkilmiş İsa obrazında Lubyankada FSB binasının yaxınlığında özünü “yandırdı”. Xaçın yanında “Boris Nemtsovun işi” və “Xaçaturyan bacılarının işi” yazıları olan cild-cild cinayət işləri var idi.
Bundan əvvəl o, Sankt-Peterburqda rus və belaruslu siyasi məhbuslara dəstək aksiyası keçirərək, əvvəlcə Troitsk körpüsündən özünü kəndirlə asıb, sonra suya tullanıb.
(BBC)