KABUS-HEYKƏL
Bəhram Gur qılıncını əjdahanın başına nə zaman endirəcək?
Bakının başı üzərindəki “Kabus-Heykəl” 5 yanvar 1991-ci ildə sökülüb, tarixin qaranlıq güşəsinə atıldı.
Məktəbli ikən “Azneft” meydanındakı Bəhram Gur heykəlinin önündə dayanıb sinif yoldaşlarıma sual etmişdim: “Bəhram Gur qılıncını əjdahanın başına nə zaman endirəcək?”. Suala cavabı da özüm vermişdim: “Kirov əlini aşağı salanda”.
O vaxt Sasani hökmdarı da, Kirov da qəhrəman sayılırdılar. Yuxarı siniflərdə atam Kirov və digər Qırmızı Terrorçular (oxu: bolşeviklər) haqda danışmağa, yavaş-yavaş gözümü açmağa başladı. Əsl həqiqətlər ortaya çıxırdı. Sonrakı illərdə, xüsusilə də “perestroyka” dövründə əlimə keçən kitabları acgözlüklə oxumağa başladım…
Heykəlin endirilməsinin canlı şahidi olmuşam.
Böyük qızımın doğum günüdür 5 yanvar. O gün bir neçə ailə dostumuz bizə qonaq gələcəkdi.
Evə bazarlıq da edə bilməmişdim düz-əməlli – ağzımı açıb Dağüstü Parkda o “məlun”un monumental heykəlinin endirilməsinə tamaşa etmişdim uzun-uzun. Sevincim sonsuz idi.
Evə qayıdanda dostlarımız artıq gəlmişdilər.Çox unudulmaz bir axşam olmuşdu – həm qızımın ad günün qeyd etdik, həm də Kirovdan qurtulmağımızı.
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”