“Putini qovmaq” istəyən şamanın barəsində yeni qərar

“Putini qovmaq” istəyən şamanın barəsində yeni qərar

Aleksandr Qabışevin məcburi müalicə müddəti uzadılıb

Ussuriysk Rayon Məhkəməsi “Putini qovmaq” niyyətində olan şaman Aleksandr Qabışevin Ussuriyskdəki ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicə müddətini uzadıb. Bu barədə onun vəkili Aleksey Pryanişnikov məlumat verib.

“İyulun 12-də Primorski Regional Psixiatriya Xəstəxanasının tibbi komissiyası Aleksandrın ümumi xəstəxanaya köçürülməsinin məqsədəuyğun olduğu qənaətinə gəlib və müvafiq təqdimatla məhkəməyə müraciət edib. Artıq iyulun 27-də eyni xəstəxananın komissiyası, lakin artıq fərqli tərkibdə, qəfildən belə qənaətə gəldi ki, Aleksandrın vəziyyəti pisləşir və onu xüsusi tipli xəstəxanaya yerləşdirmək lazımdır”, - deyə vəkil bildirib.

Pryanişnikovun sözlərinə görə, müalicə müddətinin uzadılması şərtləri məhkəmə qərarlarında göstərilməyib: “Qanuna görə, ekspertiza və müvafiq olaraq, məhkəmə müddəti altı ayda bir dəfə uzadılır”.

Qeyd edək ki, Aleksandr Qabışev 2019-cu ilin martında, öz təbirincə, “Putini qovmaq” üçün Yakutskdan Moskvaya piyada getdiyi zaman məşhurlaşıb. 2019-cu ilin sentyabrında o, M-53 Baykal federal magistralının 202-ci kilometrliyində saxlanılaraq Yakutiyaya geri göndərilib. 2020-ci ilin may-iyul aylarında Yakut Respublika Psixonevroloji Dispanserində saxlanılıb.

Sonra Qabışev "Moskvaya qarşı yeni yürüş" elan edib. Lakin 2021-ci ilin iyulunda Yakutsk Şəhər Məhkəməsi şamanın məcburi müalicəyə göndərilməsinə qərar verib.

Əvvəlcə Qabışev intensiv müşahidə ilə xüsusi tipli Novosibirsk Psixiatriya Xəstəxanasında idi. Bu ilin aprelində o, Ussuriyskdəki psixiatriya xəstəxanasına köçürülüb.

(kommersant)