Azad Mirzəcanzadə fraktalları – 94

Azad Mirzəcanzadə fraktalları – 94

Əlimizdə bircə sehirli “dəyənək” var idi - əziz müəllimimizin tələffüz etdiyi söz

Aspirantdım. Elmi rəhəbərim akademik Azad Mirzəcanzadə həftədə bir dəfə seminar keçirirdi. “Köhnə Bina”nın 2-ci mərtəbəsindəki ensiz, uzun kabinetinə aspirantlar xaricində doktorantlar və professorlar da gəlirdilər. Hər seminarda Azad müəllim ortaya mütləq bir yeni fikir atır, çıxan yeni kitab haqda danışır, ən sonda isə ənənəvi olaraq bir az klassik musiqidən söhbət açardı.

Belə seminarlardan birində yazı taxtasında Böyük Britaniyanın xəritəsinin konturlarını çəkməyə başladı. Birdən geri dönüb gözləri ilə məni tapdı, “Fraktalın nə olduğunu bilirsizmi?” (Azad müəllim hamıya “siz” deyə müraciət edirdi) soruşdu. “Xeyr” demək istəyirdim ki, “Siz Tətbiqi riyaziyyat məzunu, Albert Latıpov isə neftçi, mühəndisdir, gedin İngiltərə sahillərinin uzunluğunu hesablayın, gələn həftə bizə danışarsız”.

Albert başqırdıstanlı bir tatar balası idi (indi elmlər doktoru, professor olan A.Latıpov “Başneft”də böyük vəzifə tutur) məndən bir yaş kiçik idi. Seminardan sonra ağzından bircə cümlə çıxdı: “Nə işə düşdük”.

Bütün ümidi mənə idi. Düşünürdü ki, mən lazımi ədəbiyyatı tapacam, Azad müəllimin yeni fantaziyasının altında nələr yatacağını anlayacaqdıq. Əlimizdə bircə sehirli “dəyənək” var idi - əziz müəllimimizin tələffüz etdiyi “Fraktal” sözü…

Bir həftə sonra seminarda mən yazı taxtasının önünə çıxıb İngiltərə sahillərinin uzunluğunu necə hesabladığımızı danışdım. Latıpova dönüb fraktalların neft mədənlərilə bağlı tərəflərini eksperimental olaraq araşdırmasını, mənə isə Feygenbaum nəzəriyyəsi haqda elmi ədəbiyyat oxumağı tapşırdı. Özü də mutlu idi, biz də - beynində hələ formalaşdırmadığı yeni ideyanın konturlarını cızırdı. Bizim sevincli olduğumuzu görüb sakit səslə “Fraktallar haqqda” məqalə yazıb “Elm və Həyat” jurnalına göndərməyimi söylədi.

Məqalə jurnalın 1987-ci ilin yanvar sayında dərc olundu. Albertlə birləşib adama 10 jurnal aldıq. Sonra bütün Bakını gəzib daha 10-15 nüsxə tapdıq. Dost, qonşu, önümüzə kim çıxsa, hədiyyə edir, öyünürdük, hətta mən bir aspirant qıza jurnalı imzalayıb verdiyimi də xatırlayıram. Sonralar o qız (indi ABŞ-da yaşayır, professordur) “Kitabı imzalayaraq vermək nə qədər ciddi işdirsə, jurnal imzalamaq da bir o qədər kreativ bir şeydir” deyib, əslində məni lağa qoymuşdu...

Bu gün görkəmli alim, akademik Mirzəcanzadənin ad günündə hazırladığım bir tablonu sizinlə paylaşıb, korifey alimi sonsuz ehtiram və minnətdarlıqla anmaq istəyirəm…

Həyatın içində Fraktallar:

  1. İnsan bronxları
  2. Taxtada Lichtenberg formaları
  3. Buz çatlağı
  4. Neyronlar
  5. Çay yatağı
  6. Ağac
  7. Mərcan
  8. İldırım
  9. Moka diffuziyası
  10. Palçıq qəlibi

Müəllif: İbrahim Nəbioğlu (publisist, yazar)

Mənbə: “Facebook”