Dünyanın ən ağıllı fotosu
Bəşəriyyət bu gün bir çox şeyi məhz bu dahilərə borcludur
Bu gün mənim “Facebook” profilimin qapağındakı Solvey (Solvay) Konfransı xatirə şəklinin çəkilməsindən 95 il keçir. Fotoda dünyanın ən parlaq 29 dahisini görürük.
Onların içində fizika və ya kimya üzrə 16 Nobel mükafatçısı var. Maria Küri (Sklodowska-Curie) isə 2 dəfə Nobel laureatı olub.
Hər bir konqres müxtəlif dövrlərdə alimlərin diqqət mərkəzində olan fizika və kimya elminin aktual fundamental problemlərinin müzakirəsinə həsr olunur. Belçikalı alim və sənayeçi Ernest Solvayın şəxsi təşəbbüsü və vəsaiti hesabına keçirilən Birinci Solvay Konqresi (Conseils Solvay) 20-ci əsrdə fizikanın inkişafında dönüş nöqtəsi hesab olunur.
6 oktyabr 1927-ci ildə Brüsseldə keçirilən 5-ci Solvey Konfransının adı “Elektronlar və Fotonlar” idi. Əsas məruzəni alman alimi Verner Heyzenberq (Werner Heisenberg) etmişdi.
Lakin konfrans iki mötəşəm zəka – nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn ilə kvant mexanikasının banisi sayılan danimarkalı nəzəri fizik Nils Bor (Bohr) arasında keçən qızğın və həyəcanlı elmi mübahisələrlə yadda qalıb.
Bu fotodakı insanların üzlərindəki nura, əzmə və gələcəyə ümiddolu baxışlara baxın. Bəşəriyyət bu gün bir çox şeyi məhz bu dahilərə borcludur.
Üst sıra, soldan sağa:
Auguste Picard, Emile Hanrio, Paul Ehrenfirst, Eduard Herzen, Theophile de Donder, Erwin Schrödinger, Jules Emile Verschafelt, Wolfgang Pauli, Werner Heisenberg, Ralph Fowler, Léon Brillouin.
Orta sıra:
Peter Debye, Martin Knudsen, William Bragg, Hendrik Kramers, Paul Dirac, Arthur Compton, Louis de Broglie, Max Born, Niels Bohr.
Aşağı sıra:
Irving Langmuir, Max Planck, Marie Curie, Henrik Lorenz, Albert Einstein, Paul Langevin, Charles Huy, Charles Wilson, Owen Richardson.
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”