Ən hündürboylu pişik

Ən hündürboylu pişik

O, “Ginnesin Rekordlar Kitabı”na düşüb

ABŞ-ın Miçiqan ştatının sakininin pişiyi ən uzun ev pişiyi adına layiq görülüb - boyu 18,83 düym (təxminən 48 sm). Con Pauersə məxsus savanna pişiyi “Fenrir”, boyunun uzunluğu təsdiqlədikdən sonra bu ada layiq görülüb.

Savanna pişikləri ev pişiyinin Afrika servalı ilə cütləşməsi nəticəsində yaranan hibrid cinsdir.

Pauersin dediyinə görə, “Fenrir”in qardaşı “Arktur” da 2016-cı ildə rəsmi olaraq 19,05 düym ölçüləndə eyni titul almışdı, lakin heyvan daha sonra evdə baş verən yanğında ölüb. “Arktur” hələ də tarixin ən hündür ev pişiyi titulunu saxlayır.

Pauersin digər, “Altair” adlı meyn-kun cinsli ev pişiyi pişiklər arasında ən uzun quyruğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. “Altair”in quyruğunun uzunluğu 16,07 düymdür.

Ev pişikləri arasında ən uzun quyruq rekordu 2016-cı ildə “Arktur” ilə eyni yanğında ölən “Altair”in böyük qardaşı “Siqnus”a məxsusdur. Onun quyruğunun uzunluğu 17,58 düym idi.

(guinnessworldrecords.com)