Şimali Koreya COVID-19-a qalib gəldi?..
“Kim Çen İn özü də xəstəlikdən əziyyət çəkirdi, lakin xalqının qayğısına qalmaq üçün bir dəqiqə belə, yataqda yatmayıb”
Şimali Koreya (Koreya Xalq Demokratik respublikası - KXDR) hakimiyyəti koronavirus üzərində tam qələbə qazandığını elan etdi: Kim Çen İnin sözlərinə görə, son iki həftə ərzində ölkədə bir dənə də olsun yeni "qızdırma" hadisəsi (KXDR-də COVID-19 belə adlandırırlar) qeydə alınmayıb.
Şimali Koreya liderinin bacısı Kim Yo Conq bildirib ki, Kim Çen İnin özü də xəstəlikdən əziyyət çəkirdi, lakin xalqının qayğısına qalmaq üçün bir dəqiqə belə, yataqda yatmayıb.
Kim Yo Conq virusun Cənubi Koreyadan ölkəyə daxil ola biləcəyini istisna etməyib və qonşularını “təkcə virusun məhvi ilə deyil, həm də Cənubi Koreya hakimiyyətinin məhvi ilə” hədələyib.
Qeyd edək ki, koronavirusa ilk yoluxma halları KXDR hakimiyyəti tərəfindən may ayında bildirilmişdi. Rəsmi rəqəmlərə görə, 4,8 milyon insanda “qızdırma” simptomları aşkar edilib, 74 xəstə ölüb.
Qərb ekspertləri Pxenyanın (KXDR-in paytaxtı) açıqlamalarına güclü şübhə ilə yanaşırlar: onların fikrincə, səhiyyənin ağır vəziyyəti və peyvəndlərin tam olmaması nəzərə alınmaqla, bu qədər qısa müddətdə COVID-in öhdəsindən gəlmək mümkün deyildi.
(Euronews)