“FTB-nin hücumuna məruz qalmışıq, evim mühasirədədir” – TRAMP

“FTB-nin hücumuna məruz qalmışıq, evim mühasirədədir” –

İddialara görə, basqına səbəb Trampın Ağ Evdən çıxarkən özü ilə Milli Arxivdən apardığı gizli sənədlərdir

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) onun Floridadakı Mar-a-Laqo iqamətgahına basqın etdiyini iddia edib.

“Bu, millətimiz üçün qaranlıq vaxtlardır. Florida ştatının Palm Beach şəhərindəki gözəl evim Mar-a-Laqo hazırda FTB agentlərinin böyük bir qrupu tərəfindən mühasirəyə alınıb”, - deyə Tramp avqustun 8-də sosial şəbəkə hesabında yaydığı bəyanatda bildirib.

Onun sözlərinə görə, axtarışlar zamanı FTB agentləri evdəki seyfi sındırıblar: “Bu, hüquq-mühafizə orqanlarının yanlış davranışıdır, məhkəmə sistemini silahlandırırlar. Bu, 2024-cü ildə prezidentliyə namizəd olmağımı qəti şəkildə istəməyən ifrat solçu demokratlara hücumdur”.

FTB keçmiş Prezidentin evində axtarışların olub-olmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib və axtarışın mümkün səbəblərini şərh etməyib. Bununla belə, Amerika mediası istintaqa yaxın mənbələrə istinadən yazır ki, məhkəmə sanksiyasına əsaslanan axtarışa səbəb Trampın Ağ Evdən çıxarkən özü ilə Milli Arxivdən apardığı gizli sənədlər ola bilər.

Fevral ayında Milli Arxiv Trampın Mar-a-Laqo mülkündən 15 qutu sənəd müsadirə etdiyini təsdiqləyib. Onların arasında Trampın Şimali Koreyanın lideri Kim Çen İnlə rəsmi yazışmaları, həmçinin Trampın sələfi Barak Obamanın Oval kabinetdə buraxdığı məktub da olub.

Qanuna görə, Prezidentin səlahiyyət müddəti bitdikdən sonra qeydləri Milli Arxivə təhvil verilməlidir. Sənəd qutularının geri qaytarılması Trampın “Prezident yaxıları haqqında Akt”a uyğunluğu ilə bağlı suallar yaradıb. Daha sonra Milli Arxiv Ədliyyə Departamentindən eks-prezidentin əməlləri ilə bağlı araşdırma aparmağı tələb edib.

(DW)