“Hamı güman edirdi ki, bu, qoca diktatorun son sözləridir”

“Hamı güman edirdi ki, bu, qoca diktatorun son sözləridir”

Hadi Qayemi: “İslam Respublikasına legitimlik qazandırmağa tələsməyin”

Getdikcə daha çox iranlı tələbə küçələrə çıxaraq ölkədə teokratik rejimin dəyişdirilməsi tələbi ilə hərəkata qoşulur. İranda son illərin ən böyük etiraz aksiyaları 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılaraq, öldürülməsindən sonra başlayıb.

Eyni zamanda, ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi ABŞ və İsraili küçə etirazları təşkil etməkdə ittiham edib.

"Onları İsrail və Amerikanın agentləri adlandırmaq İranın Ali rəhbərinin öz qəddar qanunlarına bəraət qazandırmaq üçün istifadə etdiyi çox hiyləgər bir arqument idi. Ona görə də çoxları düşünürdü ki, bunlar həqiqətən də reallığı qəbul etməyən və hər şeydə xaricdəki düşmənləri günahlandırmaq istəyən qoca diktatorun son sözləridir", - deyə İrandakı Nyu-York İnsan Haqları Mərkəzinin direktoru Hadi Qayemi bildirib.

İran televiziyası İranda etirazlar zamanı ölənlərin sayının 41-ə çatdığını bildirib. Amma İran İnsan Haqları hüquq müdafiə təşkilatının məlumatına görə, etirazlar zamanı azı 133 nəfər ölüb.

"Avropa və ABŞ baş verən hadisələrə çox qorxaq reaksiya verir. Mənə aydındır ki, onlar öz məqsədlərinə çatmağa - təxminən iki il əvvəl dayanmış nüvə sazişi üzrə danışıqlarda siyasi xallar qazanmağa çalışırlar. Hazırda bu müqaviləni imzalamağa və İslam Respublikasına legitimlik verməyə tələsməyin”, - deyə Hadi Qayemi vurğulayıb.

Rəsmi məlumatlara görə, sentyabrın 16-dan bəri ən azı 1500 nəfər həbs edilib. Onların arasında etirazların himninə çevrilən mahnının bəstəkarı və ifaçısı Şervin Xacipur da var. O, çərşənbə axşamı zaminə buraxılıb.

(Euronews)