Solçu deputat: “NATO buraxılmalıdır”

Solçu deputat: “NATO buraxılmalıdır”

“Alyans tərksilah edilməli və əməkdaşlığa yönəlmiş təhlükəsizlik sistemi ilə əvəz olunmalıdır”

Sol Partiyanın Almaniya Bundestaqındakı deputatı Sevim Dağdelen iyulun 18-də Çinin “Global Times” qəzetinə müsahibə verib. O, müsahibəsində sülh, təhlükəsizlik və sabitliyin qorunması üçün blok düşüncəsinə son qoyulmalı olduğunu deyib.

Deputat nümunə olaraq, Almaniyanın keçmiş kansleri Villi Brandt tərəfindən həyata keçirilən detente siyasətini göstərib. Dağdelen hesab edir ki, "eskalasiya spiralı"ndan çıxmağın yeganə yolu maraqların sülh yolu ilə tarazlığıdır.

“Bu gün Almaniyada çoxlarına utopiya kimi görünsə də, bizim uzunmüddətli hədəfimiz NATO-nun buraxılması olmalıdır. Alyans tərksilah edilməli və əməkdaşlığa yönəlmiş təhlükəsizlik sistemi ilə əvəz olunmalıdır. Bütün bəyanatlara rəğmən, NATO heç də müdafiə ittifaqı deyil, çünki uzun illərdir ki, üzvləri üçün iqtisadi və siyasi maraqlar birinci yerdədir”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, indi əsas iş qarşıdurmadan əl çəkməkdir: “Avropa İttifaqı öz siyasətini ABŞ-ın strategiyasına uyğunlaşmağı dayandırmalıdır. Çünki Rusiyanın maraqları nəzərə alınmasa, o zaman Avropada sülh əldə olunmayacaq”.

(rossaprimavera.ru)