Avropanın cənubunda qarşıdurmaya müvəqqəti ara verildi
Priştina hökuməti yeni qaydaların tətbiqini bir ay təxirə salıb
Kosova hakimiyyəti serb əhalisinin etirazları və barrikadaların tikintisi fonunda sərhədi keçmək üçün yeni qaydaların tətbiqini bir ay təxirə salıb.
Qeyd edək ki, bazar günü, qismən tanınan respublikanın şimalında atəş səsləri və hava hücumu sirenaları eşidilib. Kosovska Mitrovitsa şəhərinin sakinləri Priştinanın (Kosovanın paytaxtı) Serbiya dövlət nömrə nişanlı sürücüləri Kosova nömrələrinə yenidən qeydiyyatdan keçirməyə məcbur etmək niyyətinə cavab olaraq sərhəd keçid məntəqəsinə gedən yolları bağlamağa başlayıblar. Həmçinin Kosovaya daxil olarkən Serbiyanın daxili sənədlərinin artıq tanınmayacağı da planlaşdırılır.
Kosova polisinin məlumatına görə, eskalasiya nəticəsində xəsarət alan olmayıb. NATO-nun himayəsində olan beynəlxalq qüvvələr vəziyyətin gərginləşməsini izlədiklərini və lazım gələrsə, müdaxilə etməyə hazır olduqlarını bildiriblər.
Belqrad və Moskva Priştinanı serblərə qarşı ayrı-seçkilik etməkdə ittiham edib. Prezident Aleksandar Vuçiçin sözlərinə görə, etnik azlıq üçün vəziyyət "daha da mürəkkəbləşib". Eyni zamanda, Serbiya Müdafiə Nazirliyi ölkə ordusunun münaqişədə iştirakı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Təxminən 50 nəfər kosovalı serb Belqrad hakimiyyəti tərəfindən verilən sənədlərdən və avtomobil nömrələrindən istifadə edir. Kosovalılar dəfələrlə bildiriblər ki, yeni giriş qaydaları adekvat cavab tədbirləridir, Belqrad onları çoxdan Kosova albanlarına tətbiq edib.
(euronews)