“Rusiyanın daha ağır günləri qabaqdadır” – DEPUTAT

“Rusiyanın daha ağır günləri qabaqdadır” –

Vüqar Bayramov: “Növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq”

“Qlobal sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir etməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək”.

“Avronews” xəbər verir ki, bu fikirləri sosial şəbəkədə Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov paylaşıb. Onun sözlərinə görə, bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın dəyər itirib.

“Hətta rəsmi kursda belə, rublun ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb. Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar olmasa da, investisiyanın ölkəni tərk etməsi real sektora təsirsiz ötüşmür”, - deyə o bildirib.

“Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən bu ayın sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir”, - deyə deputat vurğulayıb.

Əlavə edib ki, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir: “Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə, təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür”.

“Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu arada isə Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoymaqdadır”, - deyə Bayramov fikrini yekunlaşdırıb.