Azərbaycan-Aİ əməkdaşlığında rekord
Mixalko: “Bu, yalnız iqtisadi, ticarət sahələrini əhatə etmir”
Cari il Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda bir sıra rekordlara imza atmışıq. “Avronews” xəbər verir ki, bu açıqlamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında verib.
“Bu, yalnız iqtisadi, ticarət sahələrini əhatə etmir, təhsil sahəsində də böyük nailiyyətlər əldə etmişik. Avropa İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro civarında maliyyə vəsaitinin səfərbər olunması nəzərdə tutulub. Bu Planın əsas məqsədi yeni iş yerləri, iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl iqtisadiyyat”a keçidlə rifaha təkan vermək, iqtisadi böyüməni gücləndirməkdir”, - deyə diplomat bildirib
Onun sözlərinə görə, bu plandan irəli gələrək Aİ Azərbaycan Hökuməti ilə sıx işləyəcək: “Plan üzrə İşçi Qrup təşkil edilib. İşçi Qrup fəal şəkildə koordinasiya şəraitində işləyəcək. Plan üzrə bir neçə layihənin icrasına başlanılıb”.
Aİ təmsilçis bu ilin iyulunda Aİ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalandığını xatırladıb: “Bu sənəd Azərbaycandan qaz ixracının iki dəfə artırılmasını, eyni zamanda, bərpa olunan enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlığı ehtiva edir. Bu memorandum enerji təhlükəsizliyi məsələlərini də təmin edir. Bu sənəddə alternativ enerji mənbələrində istifadə də nəzərdə tutulub”.