Hökumətin vergi-gömrük inadı

Hökumətin vergi-gömrük inadı

Ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlar da isə tamamən ləğv etməyi təklif etmişik, amma...

Prezident İlham Əliyevin yerli TV-lərə verdiyi müsahibəni diqqətlə izlədim. Təəssüf ki, yeni tezislər çox az idi, əsasən bundan öncə elan edilən məsələlərin təkrarını dinlədik, ona görə də bir tək inflyasiya ilə bağlı dediklərinə şərh vermək istərdim.

İlham Əliyev: “Hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.

Doğrudan da, ölkə ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatda 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində 100% idxaldan asılıdır və bu sual yaradır ki, 30 ilə yaxın ölkəni idarə edən hökumət nədən yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib.

İndi sözümün canı heç o da deyil, bu haqda zatən illərdir danışırıq: Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki ölkədən, indiki hökumətdən asılıdır, elə deyil?! Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki ABŞ, Avropa, Dünya təyin etmir – deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir, 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlar da isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik.

Ölkə əhalisi gəlirlərinin 55%-ni ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir, vətəndaşlar öz ərzaq təlabatının 80%-ni şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır. Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək ki, onların dövriyyəsi artıqca zatən satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək. Yəni, bu addım heç də büdcəyə vergi daxilolmalarını ziddi azaltmayacaq, büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq zatən ticarət dövriyyəsinin artmasına, deməli o sahələrdən vergidaxilolmaların çoxalmasına səbəb olacaq...

Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)

Mənbə: “Facebook”