İki ölkə arasında “avtomobil seriyası” böhranı həll olunub

İki ölkə arasında “avtomobil seriyası” böhranı həll olunub

Kosova və Serbiya avtomobil nömrələri ilə bağlı mübahisəni həll edib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Belqrad Kosova şəhər kodları ilə avtomobil nömrələrinin verilməsini dayandıracaq, Priştina isə serb nömrələri ilə avtomobillərin yenidən qeydiyyata alınması cəhdlərini dayandıracaq.

Kosova və Serbiya münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün serb nömrələri verilməsi məsələsində razılığa gəlib.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Kosova və Serbiyanın baş müzakirəçiləri gərginliyin daha da qarşısını alacaq tədbirlər haqqında razılığa gəliblər və bütün diqqətlərini onların münasibətlərinin normallaşdırılması təkliflərinə yönəldəcəklər", - deyə Aİ-nin Xarici əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell “Twitter” mikrobloqunda yazıb.

Müqaviləyə əsasən, Belqrad Kosova şəhər kodları ilə dövlət nömrələrinin verilməsini dayandıracaq, Priştina isə öz növbəsində serb nömrələri ilə avtomobillərin yenidən qeydiyyata alınması cəhdlərini dayandıracaq. Borrelin sözlərinə görə, yaxın günlərdə tərəflər Almaniya və Fransanın vasitəçiliyi ilə münasibətlərin normallaşması üçün gələcək addımları müzakirə edəcəklər.

Serbiya - Kosova münaqişəsi

Serbiya ilə Kosova arasında münaqişə iyulun sonunda, Priştina Serbiya vətəndaşlarının ölkəyə daxil olarkən almalı olduqları müvəqqəti sənədləri təqdim etmək qərarına gələndə və həmçinin serb azlığından köhnə serb nömrələrini yerli nömrələrlə dəyişdirməyi tələb edəndə yenidən kəskinləşdi. Kosova serbləri buna etiraz olaraq barrikadalar qurdular, bundan sonra Priştina hakimiyyəti yeni qaydaların tətbiqini təxirə saldı.

2008-ci ildə Kosova Respublikası birtərəfli qaydada Serbiyadan müstəqilliyini elan etdi. Onu bir çox Avropa dövlətləri, o cümlədən Almaniya, eləcə də ABŞ tanıyıb. Belqrad Kosovanı özünün muxtar vilayəti hesab edir və Priştinanın müstəqilliyini tanımır. Serbiyanın mövqeyini Rusiya, postsovet məkanının əksər dövlətləri, həmçinin beş Aİ ölkəsi, Çin və Hindistan bölüşür.

Serbiya Aİ-yə daxil olmağa can atır və bununla bağlı Kosova ilə münasibətləri normallaşdırmaq öhdəliyi götürüb. 2013-cü ildən Belqrad və Priştina münasibətləri Aİ-nin vasitəçiliyi ilə həll etməyə çalışır. Rusiya Kosovanın BMT-yə üzvlüyünü bloklayır.

(DW)