Şotlandlar ingilislərlə “döyüşə” hazırlaşırlar
Şotlandiya müstəqillik üçün Ali Məhkəməyə üz tutub
Böyük Britaniya Ali Məhkəməsi Şotlandiya hökumətinin Londonun razılığı olmadan yeni müstəqillik referendumunun keçirilməsi ilə bağlı müraciətinə baxmağa başlayır.
Müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) lideri, birinci nazir Nikola Sterdjen iyun ayında, 2023-cü ildə yeni referendum təşkil etmək istədiyini açıqlamışdı. Londonla məhkəmə çəkişməsini qarşısına qoyan Sterdjen Ali Məhkəmədən Şotlandiya Parlamentinin Britaniya hökumətinin razılığı olmadan müvafiq qanunlar qəbul etmək hüququnun olub-olmadığını müəyyən etməyi xahiş etdi.
“Müstəqillik vacibdir. Vestminsterin nəzarətindən və yanlış idarəçiliyindən qaçmaq lazımdır ki, səs verdiyimiz və bizi lazımi şəkildə qoruyacaq, bu adalardakı digər millətlər arasında bərabər şərtlərlə tərəfdaşlıq quracaq bir hökumətimiz olsun. Nəhayət, Avropa İttifaqına qayıtmaq lazımdır”, - deyə Sterdjen bildirmişdi.
Bazar ertəsi Aberdindəki partiya konfransında danışan Sterdjen aydınlaşdırdı ki, Ali Məhkəmə onun xeyrinə qərar çıxarsa, 19 oktyabr 2023-cü ildə "konsultativ" müstəqillik referendumu keçiriləcək.
2014-cü ildə ilk referendumda iştirak edən şotlandların 55%-i Böyük Britaniyanın tərkibində qalmağa səs verib. Lakin analitiklərin fikrincə, “Brexit” vəziyyəti dəyişdi. Bu gün Şotlandların 62%-i Şotlandiyanın müstəqil dövlət kimi Avropa İttifaqına qoşulmasının tərəfdarıdır.
Ali Məhkəmənin qərarının ən yaxşı halda bir neçə həftəyə, ən pis halda bir neçə aya çıxacağı gözlənilir.
(Euronews)