İran gündəmi: Xameneyi tutulanları buraxır, amma... - FOTOLAR

İran gündəmi: Xameneyi tutulanları buraxır, amma... -

Həbslər, edamlar, etirazlar və… fırtına davam edir

İran rəsmilərinə görə, Ali Dini Rəhbər Ayətullah Əli Xameneyi, hökumətə qarşı etiraz aksiyaları ilə əlaqədar məhkum olunanların çoxu da daxil olmaqla, “on minlərlə” məhbusu əfv edib. Lakin əfv bir neçə şərtlə, o cümlədən yazılı etirafdan sonra baş tutur.

Əfv 1979-cu il fevralın 11-də şahın ölkədən qovulması və İranda İslam respublikasının elan edilməsi ilə başa çatan İslam inqilabının ildönümünə təsadüf edib. Ölkədə bütün yekun qərarları Ayətullah Xameneyi verir. O bildirib ki, iğtişaşlarda iştirak etdiklərinə görə həbs edilənlər yalnız “əcnəbilər üçün casusluq etməsələr və xarici kəşfiyyat xidmətlərinin agentləri ilə birbaşa əlaqə saxlamasalar” əfv olunacaqlar və ya onların cəza müddəti azalacaq.

Bundan başqa, qətl törətməyən, qəsdən xəsarət yetirməyən, dövlət, hərbi və ya ictimai obyektlərə ziyan vurmayan aksiya iştirakçıları da əfv edilirlər. Eyni zamanda, əfv ikili vətəndaşlığı olan məhbuslara şamil edilməyəcək.

İranın dövlət mediası bəyan edir ki, Xameneyi ölkənin ədliyyə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin etirazçıların çoxunun “xarici təbliğatla yoldan azmış” gənclər olduğunu bildirən məktubundan sonra həbs olunanların bəzilərini əfv etmək qərarına gəlib. Həmçinin qeyd olunub ki, bir çox məhbuslar artıq peşman olduqlarını bildiriblər və etdikləri pis əməllərə görə bağışlanmalarını istəyiblər.

İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, ölkənin Ali Lideri “məhkəmə hakimiyyəti başçısının müvafiq tələbindən sonra məhkum edilmiş şəxsləri İslam qaydaları çərçivəsində əfv etmək və ya cəzalarını yüngülləşdirmək” hüququna malikdir.

İranın məhkəmə sistemi ilə əlaqəli “Mizan” xəbər agentliyinin məlumatına görə, əfv üçün əlavə şərtlər “düşmən və ya təxribatçı qruplara üzvlük və ya mənsubiyyətin olmaması, iki dəfədən çox məhkum olmamaq, belə bir tələb fərdi şəxsdən gələrsə, dəymiş zərərin ödənilməsinə razılıq və tövbə ərizəsi və oxşar qəsdən törədilmiş cinayətlərin təkrarlanmaması barədə yazılı öhdəlikdir”.

Keçən sentyabrdan bəri İran tarixin ən uzun vətəndaş etirazları dövrlərindən birini yaşadı. Onlar İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Səlahiyyətlilər Əmininin infarktdan öldüyünü iddia etməkdə davam edirlər. Lakin bir çox iranlılar onun ölümünün döyülmə nəticəsində baş verdiyinə inanırlar.

Hökumət rejimi dəyişikliyə və dünyəvi demokratiyaya çağıran etirazçıları vəhşicəsinə yatırdıb. İnsan haqları təşkilatları 70-i azyaşlı olmaqla, 500-dən çox nümayişçinin öldürüldüyünü, 20 minə yaxınının isə həbs edildiyini bildirir.

İran rəsmi olaraq etirazlar zamanı təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla, 200 nəfərin öldüyünü bildirib. Onlar iğtişaşların xarici kəşfiyyat tərəfindən törədildiyini də bəyan ediblər. Hələlik ölkə hakimiyyəti etirazçılarla hər hansı ciddi güzəştə getməyə hazır olduqlarını bildirməyib.

Nümayişçilərin edamları

Hakimiyyət etirazçıları edam etməyə başladıqdan sonra ölkə boyu nümayişlərin miqyası xeyli azalıb.

Osloda yerləşən İran İnsan Haqları təşkilatı həbsdə olan ən azı 100 nəfərin edam cəzasına məhkum edildiyini təxmin edir. Həmin qrup bildirir ki, bütün təqsirləndirilən şəxslər “öz vəkili ilə görüşmək, qanuni prosesdən istifadə etmək və ədalətli məhkəmə araşdırması hüququndan məhrum ediliblər”.

Etirazlarda iştirak etdiklərinə görə artıq 4 nəfər edam edilib. Yanvar ayında İran təhlükəsizlik qüvvələrinin əməkdaşını öldürməkdə təqsirli bilinən iki nəfər asılmışdı. Onlar ölməzdən əvvəl işgəncəyə məruz qaldıqlarını bildirərək müraciət etmişdilər.

İğtişaşlar artan sosial və iqtisadi çətinliklər fonunda baş verir. Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, İran iqtisadiyyatı ABŞ-ın çoxsaylı sanksiyalarından əziyyət çəkdiyi üçün ölkədə inflyasiya 40%-dən çox artıb.

Tehranın Qərblə onsuz da gərgin olan münasibətləri etirazların amansızcasına dağıdılması və İranın Rusiya qüvvələrinin Ukrayna ilə müharibədə istifadə etdiyi döyüş pilotsuz təyyarələrini Moskvaya satmaq qərarından sonra pisləşib.

İğtişaşlar zamanı azı 40 Qərb vətəndaşının saxlanıldığı bildirilir. Bunun İranda indiyə qədər saxlanılan ən çox qərbli olduğu güman edilir.

Son günlər bir sıra Qərb ölkələri İranın dövlət təhlükəsizlik aparatının ən güclü qanadı olan İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi təsnif edilməsi imkanını nəzərdən keçirir.

2023-cü il yanvarın 14-də İran Britaniya-İran vətəndaşı Əlirza Əkbərini edam edib. O, 2019-cu ildə casusluq ittihamı ilə həbs edilmişdi.

(BBC)