Müxalif fəallara qarşı repressiya: canları, malları, azadlıqları...

Müxalif fəallara qarşı repressiya: canları, malları, azadlıqları...

“Belarusun qara kitabı”ndakı “terrorçular”, “ekstremistlər”, “vətən xainləri” hədəfdə

Belarusun İstintaq Komitəsi (İK) bu yaxınlarda barələrində cinayət işi üzrə “xüsusi icraat” başlanmış şəxslərin siyahısını dərc edib. Oktyabrın 4-nə olan məlumata görə, bu siyahıda 8 nəfər var. İK təqsirləndirilən şəxsləri istintaq hərəkətlərinin aparılması üçün Belarusa dəvət edib.

2022-ci ilin iyulunda Aleksandr Lukaşenko ölkəni tərk etmiş vətəndaşların qiyabi mühakimə olunmasına icazə verən qanunu imzalayıb. Məhkəmələr təqsirləndirilən şəxsləri terror aktları, soyqırımı, muzdluluq, dövlətə xəyanət, təxribat, ekstremist qrup yaratmaq və ya bu qrupda iştirak etmə, habelə kütləvi iğtişaşlar və sanksiyalara çağırış maddələri ilə məsuliyyətə cəlb edilə bilər. Müttəhimlər qiyabi olaraq Belarus vətəndaşlığından da məhrum edilə bilərlər. Artıq haqlarında “xüsusi icraat” başlanılanlar bu barədə nə düşünürlər?

İdmançılar Lukaşenkoya ağrılı zərbə vurdular

Belarusda üçqat Olimpiya mükafatçısı, üzgüçülük üzrə Dünya və Avropa çempionu, əvvəllər Belarus İdman Həmrəyliyi Fonduna (BFSS) rəhbərlik etmiş Aleksandra Gerasimenyanı qiyabi mühakimə etməyə hazırlaşırlar. O, Cinayət Məcəlləsinin 361-ci (məhdudlaşdırıcı tədbirlərə (sanksiyalara), Belarus Respublikasının milli təhlükəsizliyinə zərər vurmağa yönəlmiş digər hərəkətlərə çağırışlar) maddəsinin 3-cü hissəsi ilə ittiham olunur. Qiyabi olaraq Gerasimenyanı 6 ilə qədər həbs gözləyir.

"Düzünü desəm, mən bu xəbərə heç bir reaksiya vermədim. Əslində, Belarus hakimiyyəti yalnız havanı titrədir. Və onlar nəzarət effekti yaradırlar", - deyə Aleksandra Gerasimenya DW-yə şərhində bildirib.

İdmançı qeyri-legitim hesab etdiyi Lukaşenkonun qərarlarından narahat olmadığını da qeyd edib.

Belarus vətəndaşlığından məhrum edilməsinə gəlincə, idmançının sözlərinə görə, “çoxları artıq beynəlxalq müdafiə üçün müraciət ediblər və pasportun heç bir rolu yoxdur”.

“O ki, qaldı mülkün əlindən alınması faktına, onlar artıq məndən hər şeyi alıblar, daha əlimdən alınacaq heç nəyim yoxdur”, - deyə Gerasimenya vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Minskin elit Drozdı rayonundakı evi titullu üzgüçüdən müsadirə edilmişdi.

Onlar “sanksiya çağırışlarına” görə Belarus İdman Həmrəyliyi Fondunun icraçı direktoru Aleksandr Opeykini də qiyabi olaraq mühakimə etmək niyyətindədirlər. O, bu xəbərin onda heç bir emosiya yaratmadığını da etiraf edir: “Bu, heç nəyə təsir etmir və ümumiyyətlə, heç kimi narahat etmir”.

Opeykin hesab edir ki, qiyabi mühakimə olunacaqların sırasında BFSS nümayəndələrinin ön sıralarda olması təsadüfi deyil: “Demokratik idman ictimaiyyətinin rejimə vurduğu zərbə şəxsən Lukaşenko üçün çox ağrılı oldu. Biz bundan sonra da davam edəcəyik”.

Bu arada Fondun nümayəndəsi qeyd edir ki, Belarusda azad idmançılar özlərini təhlükəsiz hiss edə bilməzlər. Belə ki, sentyabrın 30-da - İdman Həmrəyliyi Günündə Belarusun məşhur futbolçusu Vasili Xomutovski saxlanılıb.

“Öz güclərini bir daha göstərirlər”

Jurnalist və media meneceri Dmitri Navoşa, həmçinin Yanina Sazanoviç, Daniil Boqdanoviç, Olqa Vısotskaya və Valeriya Zanemonskaya repressiyalarda iştirak edən təhlükəsizlik qüvvələri ilə bağlı məlumatları dərc edən “Belarusun qara kitabı” adlı “Telegram” kanalının administratorlarıdır. Kanal administratorları sosial nifrətin qızışdırılmasında (Belarus Respublikası Cinayət Məcəlləsinin 130-cu maddəsinin 3-cü hissəsi) və özünün razılığı olmadan başqa şəxsin şəxsi məlumatlarını qanunsuz toplamaqda və yaymaqda (CM-nin 203-1-ci maddəsinin 3-cü hissəsi) ittiham olunurlar.

"Düzünü desəm, bu xəbər məni bir az təəccübləndirdi. Məndən başqa o qədər təhlükəli "terrorçular" və "ekstremistlər" var ki, ön sıralarda olacağımı düşünmürdüm. Heç olmasa, Anton Motolkodan (Belarus tərəfindən terrorçular siyahısına salınıb) sonra olacağımı gözləyirdim”, - deyə Daniil Boqdanoviç istehza ilə söyləyir.

“Artıq internetdə oxumuşam ki, insanlar bunu bir növ keyfiyyət nişanı hesab edirlər. Mən bu hekayəni hansısa şəkildə şişirtməyə meylli deyiləm. Hər cür çətinliklərə gəlincə, 2020-ci ildə mən artıq əsas hüquqlardan - evə gedib dostlar və qohumlarla görüşmək, sevimli yerləri ziyarət etmək hüququndan məhrum olmuşam”, - deyən Boqdanoviçin sözlərinə görə, qiyabi vətəndaşlıqdan məhrum edilməsi ona heç bir şəkildə təsir etməyəcək və onun Belarusda heç bir mülkü yoxdur.

Yanina Sazanoviç öz növbəsində qeyd edir ki, bir ildən artıqdır onun “Belarusun qara kitabı” kanalı ilə heç bir əlaqəsi yoxdur, lakin o, “Youtube”dakı “Dzikae palyavanne” (Vəhşi ov - red.) kanalını idarə edir.

Sazanoviç deyir: “Onlar öz güclərini bir daha nümayiş etdirmək və təkcə aksiyalarda fəal iştirak edənləri deyil, həm də aksiyalarda iştirak etmək istəyənləri qorxutmaq istəyirlər. Xoşbəxtəm ki, anam və nənəm il yarım əvvəl Belarusu tərk edə bildilər, düşünürəm ki, onlar getməsəydilər, anamı dəqiq saxlayacaqdılar”.

“Qiyabi icraat müttəhimləri fundamental hüquqlarından məhrum edir”

“Vesna” hüquq-müdafiə mərkəzinin hüquq müdafiəçisi Dmitri Solovyova qarşı da “Xüsusi Proses” başlanıb. O, Avropa İttifaqının (Aİ) sərhədindən “külli miqdarda pul keçirmək”də (282-ci maddənin 4-cü hissəsi), habelə “şəxsləri ictimai asayişi kobud şəkildə pozan qrup hərəkətlərində iştiraka hazırlamaqda, bu cür fəaliyyətləri maliyyələşdirməkdə və digər maddi təminatda” ittiham olunur (342-ci maddənin 2-ci hissəsi).

Bununla bağlı “Vesna” hüquq-müdafiə mərkəzi bəyanat yayıb və qeyd edir ki, hüquq müdafiəçilərinin təqib edilməsinin əsl motivi onların “insan hüquqları və demokratik dəyərlər uğrunda, işgəncə və pis rəftara qarşı mübarizəsi, habelə ifadə azadlığı və dinc toplaşmaq hüququnun müdafiəsinə yönəlik addımlarıdır”.

"Qiyabi cinayət işləri üzrə icraat təqsirləndirilən şəxsləri Belarusun beynəlxalq öhdəliklərinə uyğun olan fundamental hüquqlarından, o cümlədən müdafiə hüququndan tamamilə məhrum edir ki, bu da ədalətsiz cəza üçün ilkin şərtlər yaradır", - hüquq müdafiəçiləri vurğulayıblar.

(DW)