Azad ruslar “rus dünyası”ndan köçür – "Yaşasın" lal, kar, korlar
Rusiya nəhəng qapalı həbsxanaya çevrilir: ofislərə hücum, təqib, həbs
Rusiya hakimiyyəti uzun illərdir ki, azad mətbuatı qəsdən məhv edir. Lakin Ukraynaya qarşı işğalçı müharibədən sonra mediaya hücum daha da şiddətli və intensiv hal alıb. “Müharibə” sözü cinayət təqibi ilə hədələyir, “xarici agent” siyahıları daim yenilənir.
“Martın əvvəlində, hərbi senzura tətbiq ediləndən sonra ilk günlərdə bizə polis gəldi, OMON-çular silahla, redaksiyada olan bütün əməkdaşları qorxutdular, ertəsi gün onları cəbhəyə göndərməklə hədələdilər. Onlar gəncdirlər, hərbi yaşdadırlar. Bütün texnikanı götürdülər”, - deyə “Pskovskaya quberniya” nəşrinin baş redaktoru Denis Kamalyagin xatırlayır.
Jurnalist Rusiyanı tərk edib və hazırda Riqada journalist fəaliyyətini davam etdirir. Onun çalışdığı media xabı müharibə başlayandan bəri 500-dən çox media işçisinə, əsasən ruslara, eyni zamanda Ukrayna və Belarus jurnalistlərinə kömək edib.
Müharibənin ilk aylarında Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Rusiya jurnalistlərini Riqaya yerləşməyə dəvət etdi: "Rusiya müstəqil medianı bağladığı və tam senzura tətbiq etdiyi bir vaxtda, mən Latviyanın təqib olunan rus jurnalistlərini qəbul etməyə və onlara hər cür kömək etməyə hazır olduğunu bir daha bildirirəm. Bütün dünyada rusdilli ictimaiyyət doğru və obyektiv məlumat almalıdır".
“Deutsche Welle”, BBC, “Washington Post” və digər nəşrlərin rusdilli redaksiyaları və büroları öz əməkdaşlarını Latviyaya köçürdülər. Hazırda Riqada yerləşən Rusiyanın müxalifət mediası arasında “Novaya qazeta”, “Avropa”, “Current Time” telekanalı və “Azadlıq” radiosu var. Ondan əvvəl “Meduza” və “The Insider” Latviyanın paytaxtına köçdülər.
2022-ci il dekabrın 6-da Elektron Media üzrə Milli Şura (NEPLP) canlı yayımçının hərbi əməliyyatlarda səfərbər olunanlara köməklik göstərilməsi ilə bağlı sözlərinə görə “Dojd” telekanalının lisenziyasını “milli təhlükəsizliyə və ictimai asayişə təhlükə ilə əlaqədar” ifadəsi ilə ləğv edib. Kabel şəbəkələri ilə əlaqəsi kəsildikdən sonra kanal “YouTube”da yayımını davam etdirib.
Dekabrın 28-də səlahiyyətlilər iş vizası almış 13 “Dojd” əməkdaşının Latviyada qala biləcəyi barədə qərar çıxarıblar. Rəhbərliyin sözlərinə görə, redaksiya Amsterdama köçməyə hazırlaşır, lakin ofisini Riqada saxlamağı planlaşdırır, çünki Latviya “Dojd”un informasiya strategiyasının “ən mühüm istiqaməti”dir. Bu fikir digər media qurumları tərəfindən paylaşılır.
“Azad Avropa/Azadlıq” Radiosunun Riqa Bürosunun rəhbəri Elmars Svekis deyir ki, Riqaya strateji bir yer kimi baxırlar: “Buradan rusların nə düşündüklərini, o cümlədən mühacirətdə olanların mövqeyini öyrənə bilərik. Hələ də Rusiyanın təhlükəsinə rəğmən fəaliyyətini davam etdirən həmkarlarımıza çıxışımız var. Biz həmçinin Rusiya, MDB və Avropa İttifaqında rusdilli auditoriyanı hədəfləyirik”.
Faktların yoxlanılması, rus təbliğatının ifşası, araşdırmalar rusiyalı jurnalistlərin mühacirətdə işlədiyi əsas janrlara çevrilib. Rusiyada kontaktlar və məlumat verənlərlə əlaqə saxlamaq üçün anonim rabitə vasitələrindən və ani mesajlaşmalardan istifadə olunur.
Jurnalist, "İndiki zaman" dərgisinin əməkdaşı Timofey Rohanski deyir ki, Rusiyadan səslər eşidilir, onları eşitmək lazımdır: “Təbii ki, müəyyən mənada Rusiyada qalan, baş verənlərlə razılaşmayan insanların səsinə çevrilə bilərik”.
Baxmayaraq ki, Rusiya fəal şəkildə müstəqil mediaya çıxışı məhdudlaşdırır və “qeyri-intizamlı” məzmuna baxan və ya yayanları hədələyir, jurnalistlər öz vətənlərində onların çoxmilyonlu auditoriyaya malik olduğuna əmindirlər.
"Biz bilirik ki, son bir il ərzində, müharibənin əvvəlində və 2022-ci ilin sentyabrında səfərbərlik elan olunarkən bütün müstəqil medianın rekord sayda oxucusu, izləyicisi var idi. İnsanlar həqiqətən də başa düşmək, nə baş verdiyini anlamaq istəyirdilər”, - deyə “Novaya qazeta. Avropa”nın baş redaktoru Kirill Martınov söyləyir.
“Euronews”un müxbiri Janis Laizans Riqadan xəbər verir: "Rusiyalı jurnalistlərin bir çoxu tələsik bir müddət Riqada məskunlaşmaq qərarına gəlib. Amma indi onlar həmişəlik olmasa da, uzun müddət burada olacaqlarını hiss edirlər".
(Euronews)