Kubada eynicinslilərin nikahına və surroqat analığa icazə verildi
Yeni məcəllə eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini də nəzərdə tutur
Kuba seçiciləri yeni Ailə Məcəlləsinin qəbulunu dəstəkləyiblər. Layihə eyni cinsdən olan vətəndaşlar arasında nikahları və surroqat analığı qanuniləşdirir. Baş tutan referendumda səs verən vətəndaşların demək olar ki, 67 faizi layihənin lehinə səs verib.
Prezident Migel Diaz Kanel plebisitin nəticələrini alqışlayıb. "Sevgi artıq qanundur" deyən dövlət başçısı kubalı kişi və qadınların bir neçə nəslinin öz layihələrini reallaşdırmaq üçün yeni məcəllənin qəbulunu gözlədiyini qeyd edib.
Yeni qanun eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini də nəzərdə tutur və uşaq nikahını qadağan edir. Sənəddə gender əsaslı zorakılıqla mübarizəyə dair maddələr də var.
Ailə Məcəlləsinin hazırkı variantı Kuba xalqı tərəfindən fevral-aprel aylarında geniş müzakirə olunub. Ölkədə 80 minə yaxın mitinq keçirilib. Referendumda seçici fəallığı 74%-i ötüb.
(Euronews)