“Dövlətimlə mənim aramda hər şey məhv oldu”
Rusiya hərbi kəşfiyyatının cəsusu Estoniyaya qaçıb
"24 fevral mənimlə dövlətim arasında olan hər şeyi məhv etdi". Bunu "Eesti Päevaleht" qəzetinin və “Yahoo News”un müxbirlərinə, beş il əvvəl orada casusluğa görə məhkum edilmiş, indi Estoniyaya qayıdan Rusiya hərbi kəşfiyyatının (QRU) keçmiş agenti Artyom Zinçenko deyib.
Söhbət Estoniya Təhlükəsizlik Polisinin (KAPO) binasında baş tutub. Artyom Zinçenko qaçmasını Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə razılaşmamaqla izah edir və deyir ki, onun ukraynalı qohumları Rusiya ordusuna qarşı vuruşurlar. 35 yaşlı kişi ilə birlikdə həyat yoldaşı və üç uşağı da Estoniyaya qayıdıb.
Zinçenko jurnalistlərə həmçinin Rusiyaya qayıtdıqdan sonra Sankt-Peterburqda yaşadığını və “yeni həyata başlayarkən həll edilməli olan bir çox problemlə” üzləşdiyini söyləyib. Onun sözlərinə görə, Rusiya Federasiyasında vəziyyət çox dəyişib və hər il daha da pisləşir.
Tallinndə yaşayan Zinçenko 2017-ci ilin yanvarında casusluqda şübhəli bilinərək KAPO tərəfindən həbs edilib. Prokurorluğun məlumatına görə, o, 2009-cu ildə QRU tərəfindən işə götürülüb, dörd il sonra Estoniyaya köçüb, burada dövlət müdafiə obyektləri, Müdafiə Qüvvələrinin, Müdafiə Liqasının və müttəfiqlərinin texnikası və hərbçiləri haqqında məlumat toplayıb ötürüb.
Zinçenko beş il müddətinə azadlıqdan məhrum edilib, lakin artıq 2018-ci ildə o, Rusiyada casusluq ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş Estoniya vətəndaşı Raivo Susi ilə dəyişdirilmək üçün əfv edilib. Mübadilə 2018-ci il fevralın 10-da Estoniya-Rusiya sərhədində baş tutub.
2022-ci ilin aprelində KAPO-nun nəşr olunan həfətliyində Rusiyaya xüsusi yer ayrılıb. 60 səhifəlik sənədin təxminən yarısı Estoniyanın təhlükəsizliyinə Rusiya Federasiyasından gələn müxtəlif təhdidlərə həsr olunub. Son bir neçə ildə Estoniyada ən azı 15 nəfər Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Bu ilin mart ayında Təhlükəsizlik Polisi Estoniya sərhəd məntəqələrində Estoniyaya daxil olan və Rusiya Federasiyasına gedən şəxslərə xüsusi xidmət orqanları tərəfindən mümkün casusluğa cəlb edilmə cəhdləri barədə xəbərdarlıq edən məlumat plakatları yerləşdirib.
(Euronews)