İşğal bölgələrinə göndərilən rusiyalı müəllimlərin müəmmalı aqibəti: kim, harada, necə?
Rusiyadan Ukraynanın işğal altındakı bölgələrində işləməyə gələn müəllimlərin taleyi necə olacaq?
Rusiya İstintaq Komitəsi (TFR) Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilmiş ərazilərində rusiyalı müəllimlərin uzun müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı xəbərlərin ardınca cinayət işi açmaq qərarına gəlib. Baxmayaraq ki, Rusiya Təhsil Nazirliyi onların saxlanılması hallarının olmadığını əmin edir. Müəllimlərin saxlanması ilə bağlı xəbərlərin doğruluğunu hələlik yoxlamaq mümkün deyil, amma ümumiyyətlə, nə məlumdur?
Məlumat haradandır?
Şənbə günü Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko yazıb ki, Rusiyadan ukraynalı uşaqlara dərs deməyə gəlmiş müəllimlər, guya, Kupyansk şəhərində saxlanılıb. Ukraynalı jurnalistlər onu son dərəcə etibarsız informasiya mənbəyi hesab edirlər. Kupyansk Xarkov vilayətində, bölgənin işğalçı qüvvələrinin yerləşdiyi şəhər olub. Ötən həftə onun böyük hissəsi Ukrayna ordusu tərəfindən azad edilib.
Bazar ertəsi axşam “strana.ua” nəşri Baş nazirin müavini İrina Vereşçuka müəllimlərlə bağlı sual verib. O bildirib ki, onlar Ukrayna Cinayət Məcəlləsinin 438-ci (müharibə qanunlarını və adətlərini pozma) maddəsi ilə mühakimə olunacaqlar. Cəza - səkkiz ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə.
"Onlar dövlətimizə qarşı cinayət törədiblər. Biz dəfələrlə Ukrayna ərazisinə gəlib burada qanunla qadağan olunmuş fəaliyyətlə məşğul olmağa razılıq verən Rusiya vətəndaşlarına xəbərdarlıq etmişdik. Təbii ki, onların cəzasını məhkəmə müəyyən edəcək", - deyə Vereşçuk vurğulayıb.
Baş nazirin müavini müəllimlərin saxlanılması barədə məlumat verməyib, o, yalnız bu mövzunu şərh edib. Bununla belə, əlavə edib ki, ("strana.ua" nəşrinə görə) rusiyalı müəllimlər dəyişmək üçün məhbus sayılmayacaq, çünki Kiyev onları döyüşçü hesab etmir.
Çərşənbə axşamı səhər Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak səhər yeməyi şousunun efirində, işğaldan azad edilmiş ərazilərdə məhbuslar haqqında danışmaq üçün "hələ tez" olduğunu söyləyib: “Əgər müəllimlər saxlanılıbsa (biz hələ də müəyyən sayda müəllimin saxlandığını dəqiq deyə bilmərik), deməli, onlar döyüşçü deyillər və silahlı qüvvələrin üzvlərinə şamil olunan hüquqi konvensiyalara tabe deyillər”.
Verilişin aparıcısı Podolyakdan Baş nazirin müavini Vereşçukun Xarkov vilayətində rusiyalı müəllimlərin saxlanılması ilə bağlı sözlərini təsdiq edə bilməyəcəyini söyləməyin doğru olub-olmadığını soruşub. “Hələlik bu fikir yalnız bu formada kifayət qədər düzgün səslənəcək”, - deyə Ukrayna rəsmisi cavab verib.
Rusiyanın reaksiyası
Bazar ertəsi gecə Rusiyanın "Kommersant" qəzeti Rusiya Təhsil Nazirliyindəki mənbəsinə istinadən "Xarkov vilayətində heç bir şəkildə məsuliyyətə cəlb oluna biləcək rus müəllimlərin olmadığını" iddia edib.
Xarkov vilayətinin işğalçı hakimiyyətinin nümayəndəsi daha sonra “RİA Novosti”yə bunu deyib: “Bölgədə rus müəllimləri yox idi. Lakin Rusiya ilə əməkdaşlıq edən və yeni metodologiya üzrə dərs deməyə hazır olan yerli müəllimlərin taleyi necə ola biləcəyi hələ də məlum deyil”.
Daha sonra Rusiyanın təhsil naziri Sergey Kravtsov da analoji bəyanatla çıxış edib: "Rusiya müəllimləri himayədədir. Ukrayna rejiminin təxribatçı bəyanatları onların işğaldan azad edilmiş və azad ediləcək ərazilərin sakinlərinə həqiqi münasibətini bir daha vurğulayır".
Daha sonra nazir hətta Xarkov vilayətində Rusiyadan gələn müəllimlərin olmadığını, bölgəni tərk etmək istəyən yerli müəllimlərin və məktəb direktorlarının Rusiya ərazisinə aparıldığını bəyan edib: "Biz bunu təmin etdik, bu gün onlar Belqorod, Rostov vilayətləri və Krasnodar diyarındadırlar".
Buna baxmayaraq, TFR-in rəhbəri Aleksandr Bastrıkin “Xarkov vilayətində rus kurikulumları üzrə dərs deyən müəllimlərin ukraynalı hərbçilər tərəfindən saxlanılması faktı ilə bağlı” cinayət işinin açılmasına göstəriş verib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, nazir Kravtsovun “orada rus müəllimləri yoxdur” bəyanatına əsaslansınlar.
(BBC)