Netanyahu geri döndü və arxasınca: radikal millətçilik, ifrat sionizm...
Korruspsiya ittihamı ilə hakimiyyətdən qovulan siyasətçi yenidən hökumətə rəhbərlik edəcək
İsrailin Baş naziri Yair Lapid Benyamin Netanyahunu noyabrın 1-də keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Keçən il Baş nazirlikdən uzaqlaşdırılan Netanyahu zəfərlə hakimiyyətə qayıdır.
Benyamin Netanyahunun “Likud” partiyası və onun müttəfiqləri olan ifrat sağ və dini ortodoks partiyalar Knessetdəki 120 yerdən 64-nü qazanıb.
Cümə axşamı yekun nəticələr bəlli olan kimi Yair Lapid Netanyahuya zəng edərək, onu təbrik edib və hakimiyyətin nizamlı şəkildə ötürülməsini təmin edəcəyinə inandırıb.
Bu seçki İsrail siyasətində 2019-cu ildə, o vaxt Baş nazir olan Benyamin Netanyahunun korrupsiyada ittiham edildiyi zaman başlayan xaotik mərhələyə son qoydu. Lakin həmin ittihamlar üzrə məhkəmə hələ də davam edir, növbəti məhkəmə prosesi bu gün keçiriləcək.
Səsvermədən dərhal sonra, “exit-poll”-un nəticələri açıqlananda Netanyahu tərəfdarlarına gələcək hökumətinin bütün İsrail vətəndaşlarının qayğısına qalacağını deyib: “Biz təhlükəsizliyi geri qaytaracağıq, yüksək qiymətləri cilovlayacağıq, İsrail ətrafında sülh halqasını genişləndirəcəyik, İsraili yüksələn güclər sırasına qaytaracağıq”.
Bu seçkilərdən sonra İsrail parlamenti kifayət qədər parçalanmış vəziyyətdə qalır. Netanyahunun “Likud” partiyası 32, Yair Lapidin mərkəzdə yerləşən “Yeş Atid” partiyası 24, ultra-millətçi Dini Sionizm partiyası 14 və hazırkı müdafiə naziri Benni Qantsın mərkəz sağçı Milli Birlik Partiyası 12 yer qazanıb.
Daha iki ultraortodoksal yəhudi 11 və 7 yer, bir dünyəvi millətçi partiya 6, iki İsrail ərəb partiyası hərəyə 5, “Leyboristlər” isə 4 yer qazanıb.
Hökumət qurmaq üçün Netanyahuya koalisiya lazımdır. Seçkilərdən sonra o, kimləri şərik kimi qəbul edəcəyini hələ birbaşa açıqlamayıb, lakin onların arasında Dini Sionizmin (RS) olacağı gözlənilir.
RS liderləri İtamar Ben-Qvir və Bezalel Smotriç ərəblərə qarşı çıxışları ilə tanınırlar. Birincisi yəhudi dövlətinə “sədaqətsizliyə” görə vətəndaşların deportasiya edilməsini tələb edir, ikincisi ərəb partiyalarının qadağan edilməsini istəyir.
Etnik ərəblər İsrail əhalisinin təxminən beşdə birini təşkil edir.
Ben-Qvir İsraildə fəaliyyəti qadağan edilmiş və ABŞ-da terror təşkilatı elan edilmiş ultra-millətçi mərhum Meir Kahanenin pərəstişkarı idi.
İsrail ərəbləri, eləcə də sol və mərkəz baxışlı yəhudilər üçün Netanyahu hökumətinə “dini sionizm”in daxil edilməsi son dərəcə xoşagəlməz hadisə olacaq. Bundan əlavə, bu, İsrailin həm Fələstin əraziləri, həm də ərəb və Qərb ölkələri arasındakı müttəfiqləri ilə münasibətlərinə gərginlik əlavə edə bilər.
Eyni zamanda, Bezalel Smotriç müdafiə naziri olmaq istəyir və İtamar Ben-Qvir özü üçün ictimai təhlükəsizlik naziri portfelini tələb edir.
(BBC)