Düşmənin son basdırdığı minalar təmizlənir
Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir
Sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.
“Avronews” bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.