Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni addım
Bu mübarizə ilə əlaqədar Koordinasiya Şurası yaradılacaq
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində ölkədaxili əməkdaşlıq proseduru müəyyənləşir. “Avronews” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu sahədə qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əlaqələndirmənin təmin edilməsi, bu sahələrdə ölkə səviyyəsində risk qiymətləndirilməsinin (ölkə risk qiymətləndirilməsi) həyata keçirilməsi, fəaliyyət planlarının və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin artırılması, mərkəzi icra hakimiyyəti və cinayət təqibi orqanları, məhkəmələr və digər qurumlar arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, cinayət təqibi orqanlarının, nəzarət orqanlarının, məhkəmələrin, digər dövlət orqanlarının (qurumların) və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət tərkibdə koordinasiya şurası (Koordinasiya Şurası) yaradılacaq. Koordinasiya Şurasının iş qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Koordinasiya Şurası müvafiq sahələr üzrə işçi qruplar yaradır və onların fəaliyyətinə nəzarət edəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.