Ərdoğanla Putin arasında anlaşma

Ərdoğanla Putin arasında anlaşma

Türkiyə Rusiya qazını rublla alacaq

Rusiya və Türkiyə milli valyutalarda hesablaşmalara mərhələli keçidlə bağlı razılığa gəlib. Birinci mərhələdə tədarükün bir hissəsi rus rublu ilə ödəniləcək.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçidə danışıqlar zamanı qaz tədarükünün pulunu rublla ödəməyə başlamaq barədə razılığa gəliblər. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Onlar Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - illik 26 milyard kubmetr qaz tədarükünü müzakirə ediblər. Danışıqlar prosesində prezidentlər razılaşıblar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - deyə o bildirib.

Novak qeyd edib ki, Moskva və Ankara tədricən milli valyutalarda hesablaşmalara keçiddən danışır. Rusiya Baş nazirinin müavini bunu “yeni mərhələ” və iki ölkə arasında pul-maliyyə münasibətlərinin inkişafı da daxil olmaqla, “yeni imkan” adlandırıb.

Danışıqlar zamanı Putin və Ərdoğan Akkuyu atom elektrik stansiyasının tikintisini də müzakirə edib, layihənin işə salınması üçün son tarix kimi 2023-cü ili, həmçinin “Türk axını” qaz kəmərinin istismarını müzakirə ediblər.

Putin öz növbəsində “Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan birinə” çevrilmiş “Türk axını”nın rolunun artmasına işarə edib: “Hesab edirəm ki, avropalı tərəfdaşlar qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar”.

(RBC)