İrəvanda qaraçı və uyğurun konserti ləğv edildi - Məhşur azərbaycanlıya görə
Erməni millətçiliyinin də analoqu yoxdur - necə ki, məntiqi yoxdur…
Erməni millətçiliyi daha absurd formalarda meydana çıxmaqda davam edir. Bu ölkənin mediasının yaydığı məlumata görə, Rusiyada tanınmış müğənnilər Andro və The Limbanın İrəvandakı konserti ləğv edilib.
Bu barədə onlayn bilet satışı portalı “tomsarkgh.am” yazır. Sənətçilər oktyabrın 23-də “InDrive Music Fest” çərçivəsində İrəvanda çıxış etməli idilər.
Planlaşdırılan konsert sosial şəbəkələrin erməni seqmentində kəskin reaksiya və tənqidlərə səbəb olub. Bu erməni hay-küyünün səbəbi isə hər iki sənətçinin “Atlantic Records Russia” musiqi leyblının üzvləri olmasıdır. Limba (Muxametali Axmetjanov) 2021-ci ildən, Andro (Ioann Jani Kuznetsov) 2018-2021-ci illərdən leyblın üzvüdür.
Erməniləri əsas qıcıqlandıran məqam isə "Atlantic Records Russia"nın təsisçisinin Azərbaycan əsilli rusiyalı müğənni və sahibkar Emin Ağalarov olmasıdır. Hansı Emin ki, ermənilərin yazdığına görə, 44 günlük müharibə zamanı “Azərbaycanın Artsaxa qarşı təcavüzünü dəstəkləyib”.
Maraqlıdır ki, sosial şəbəkələrdə qatı şovinist ermənipərəst mövqelərlə yanaşı, ermənilərin bu hərəkəti həm də xeyli qınaq və istehza toplayıb.
Yazırlar ki, rusiyalı ifaçı Andro & The Limbanın 23 oktyabr 2022-ci ildə İrəvanda baş tutmalı olan konsertinin ləğv edilməsi erməni millətçiliyinin uyğurlarla birlikdə rus qaraçılarına da gəlib çatması deməkdir.
Erməni mediası “əsl ermənifoblar” Andro (qaraçı) və Limbanın (uyğur) konsertini boykot etməyə çağırır. Və hamısı ona görə ki, bu sənətçilər "Atlantic Records Russia" leyblındadırlar.
Sosial şəbəkə istifadəçiləri ironiya ilə bundan sonra erməni millətçilərini leyblın daha bir üzvü olan David Manukyana (Dava) da hücum etməyə çağırıblar.
Amma siyahı bununla bitmir. Erməni millətçiləri Emmanuel Nersisyan (Emmanuil), Artur Vardanyan (Escape), Samvel Vardanyan (Ice Lo), Harutyun Xaçatryan (Artem Smile), Aleksandr Harutyunyan (Jandro), Patvokan Arakelyan (Kan), Taron Nikoqosyan (Jozzi), Sonya Yüzbaşyan (Sonya), Hovhannes Karamyan (Hovo) və Armen Yesayana (Sayan) da hücum etməlidirlər. Axı onlar da nə vaxtsa “Atlantic Records Russia” leyblının üzvləri olublar və ya olmaqda davam edirlər. Bir sözlə, erməni millətçiliyinin də analoqu yoxdur - necə ki, məntiqi yoxdur…
(Armenia Today)