Putin nəyə güvənir?
Keçmiş SSRİ-nin şöhrətini, əzəmətini, ərazilərini, qaytarmaq istəyən Putin Avropayla, xüsusilə də Almaniya ilə hədə diliylə danışarkən II Dünya müharibəsini xatırlatmağı çox sevir.
Amma Rusiya prezidenti bir şeyi unudur ki, o zaman SSRİ-ni məğlubiyyətdən xilas edən iki böyük güc - ABŞ və İngiltərə hazırda ona qarşıdır. ABŞ və İngiltərə SSRİ-yə dəstək verənə qədər sovetlər müharibəni uduzurdu. Dəstək gələndən və genişlənəndən sonra Stalin Almaniya kimi dövrünün ən güclü dövlətini, onun ordusunu yenə bildi. SSRİ-nin özünə qalsaydı həmin zaman Finlandiyanı zorla məğlub edən bir dövlət Hitlerlə bacara bilməzdi.
2023-cü ilə qayıdaraq deyə bilərik ki, əgər bir il ərzində Rusiya Ukrayna müharibəsində əsas istəyinə və tələbinə - Zelenskinin devirilməsinə nail ola bilməyibsə bu həmin qlobal güclərin və üstəlik digər güclərin də Putinə qarşı olmasınını nəticəsidir. Əlbəttə Ukrayna xalqının müqaviməti də burada rol oynayır, amma onun əhəmiyyəti çox azdır. Əsas olan qlobal güclərin dəstəyidir.
İstəyinə nail olmayan Putin dayanmaq fikrində olmadığını bəyan etdi. Amma Rusiyanın bu müharibədə durumunun daha da çətinləşəcəyi aydın görünür. Bir ildən artıqdır davam edən müharibə qarşılıqlı olaraq güclərin tükəndirilməsi mərhələsinə daxil olub. Ukraynanın dağılması, məhv olması Qərbin heç vecinə də deyil. Əsas məsələ Rusiyanın gücünün tükəndirilməsi, onun hegemonluğuna son qoyulması, yaxud da paraçalanıb sıradan çıxarılmasıdır. ABŞ, İngiltərə, Avropa hazırda bu işlə məşğuldur.
Qərbin ən böyük istəyi Rusiyanın parçalanması, ən zəif istəyi isə qlobal gücdən regional gücə çevrilməsidir. Hətta Ukraynanın işğal edilmiş torpaqları Rusiya tərəfindən azad edilməsə belə mövcud vəziyyət Qərbə sərf edir. Çünki müharibə, üstəlik Ukraynada və digər işğal edilmiş yerlərdəki torpaqları saxlamaq Rusiyanın imkanları ilə tərs mütənasibdir. Bu da istənilən halda dövləti, onun potensialını uçuruma sürükləyən faktordur.
NATO ilə baş-başa gələcək gücdə və durumda olmayan Rusiya ötən hər ay daha da çətin və çıxılmaz durumlara sürüklənməkdədir... Amma buna baxmayaraq böyük itkilərə, çətinliklərə başa gələn və sonu görünməyən avantüranı davam etdirir...
Müəllif: Mübariz Göyüşlü (siyasi şərhçi)
Mənbə: "Facebook"