Siyasətə “pülə getsin” prinsipi ilə yanaşanlar
Hər mövzunu mırta çevirib hakimiyyətin xal qazanmasına xidmət edənlərin məqsədləri nədir?
Siyasətin qəliz iş olduğunu vurğumaqdan yorulduq, amma görürsən ki, dünyadan başı çıxmayanlar yenə bu işi, peşəni səviyyəsizləşdirməyə çalışırlar – “Ərdoğan Rusiyanın yanındadır”, “Ərdoğan Putinin dostudur”, “Gördünüz, Ərdoğan Qərbi günahlandırdı”, deyə hay-küy salanlar bu gün susub: qardaş Türkiyə (birbaşa Ərdoğanın iştirakı ilə) inanılmaz bir məsələ gerçəkləşdirdi - “Azov” döyüşçüləri, Ukrayna qəhramanları, Kremlin başlarına publik oyun açamaq istədiyi əsgərlərlə birgə 200-dən çox əsir Putinin caynağından qurtara bildi. Bundan öncə isə heç kəsin bacarmadığı “taxıl anlaşmasına” imza atmışdı.
Ərdoğanın iqtisadi siyasətini, sosial addımlarını, siyasi “oyunbazlığını” tənqid etmək olar, lazımdı da – amma sırf Ukrayna məsələsinə görə adama qara yaxmaq doğru deyil.
Bəziləri BMT-də heç nəyi həll etməyən səsvermələrdə Azərbaycan nümayəndə heyətinin iştirak etmədiyini mırta çevirir, “tualetə qaçdılar”, “qarınları ağrıdı” kimi mənasız şərhlər yazırlar. Amma Azərbaycan Ukraynaya etdiklərini, yardımları, açıq (daha çox açıq olmayan) dəstəyini görmürlər, elə bilirlər ki, siyasət elə həmişə PR-dır, görünən tərəfdir, anlamırlar ki, dövlət idarəetməsi daha qəliz və məsuliyyətli işdir.
Və ya bənzər adamlar, əvvələr “Bəs Laçını niyə qaytara bilmirlər”, deyə ucuz PR apardılar, Laçın şəhəri tam qayıtdı, dərhal susdular. Sonra da “Azərbaycan Laçını yenidən ruslara təhvil verdi”, - deyə hay-küy salıb yanlış imformasiya yayırlar, ardınca da Əliyev gedir Laçına, bayraq qaldırır, bunlar susurlar, abırları da yoxdur ki, çıxıb yalan informasiyaya görə üzr istəsinlər. Çünki siyasəti, “pülə getsin” kimi qavrayırlar, məsuliyyət anlayışları yoxdur.
Bir daha: siyasət qəliz, məsuliyyətli işdir, şərəfli peşədir – hakimiyyətin ən zəif yeri ciddi diskursdur, bunu bacarmırlar, arqumentləri və hekayələri yoxdur, deməli hakimiyyətə üstün gəlmək üçün onu ciddi mövzulara çəkmək, əsl siyasi diskursun içinə salmaq lazımdır, bəziləri bunu etməkdənsə hər mövzunu mırta çevirib hakimiyyətin xal qazanmasına xidmət etməklə məqsədləri nədir – bu suala gərək hər kəs ayrıca, özü üçün cavab tapsın, siyasi mənzərəni anlamaq üçün bu, çox vacibdir...
Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü)
Mənbə: "Facebook"