Qətər niyə belə edir?
Bu, Azərbaycanda Qətərlə bağlı suallar doğurmalıdır
Ermənistan parlamentinin sədri Alen Semonyan Qətərə üç günlük səfərə gedib. Görüşlər sırasında Qətər əmiri şeyx Təmim bin Həməd Al Taninin Erməbnistana səfər edəcəyi açıqlanıb.
Alen Simonyan Qətər İnkişaf Fondunun baş direktoru ilə görüşdə ikitərəfli əlaqələri müzakirə edib. Ötən ilin iyun ayında Ermənistanın Baş naziri Nikol Paşinyan da Qətərə səfər edərək şeyxlə görüşmüşdü.
Qətər Ermənistanla sıx əməkdaşlıq edən əsas ərəb dövlətlərindəndir. İrəvan Səudiyyə Ərəbistanı ilə illərdir diplomatik münasibətlər qurmağa çalışır, nəticə əldə edə bilmir.
Ər-Riyad üçün Azərbaycanla strateji tərəfdaşlıq daha vacibdir. Qətərin də Azərbaycanla tərəfdaşlıq münasibətləri var, üstəgəl Qətər Türkiyənin hərbi bazasının var olduğu yeganə ərəb ölkəsidir. Buna rəğmən, Qətər Ermənistanla da sıx əlaqələrə üstünlük verir.
İş o yerə çatıb ki, Qətər Ermənistanın Dohadakı səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb. Bir başqa dövlətin Ermənistanın xeyrinə belə bir addım atması faktı yoxdur.
Qətərdə Livanda olduğu kimi erməni çox yaşamır ki, Dohanın bu səbəbdən Ermənistanla sıx əlaqələr qurmağa marağı olsun. Ermənistanın iqtisadi potensialı da Qətəri cəlb edə bilməz. Görünür, Doha bu siyasəti ilə göstərmək istəyir ki, Qətər hamıya eyni gözlə baxmaq istəyir.
Yəqin Qətərdə hesab edirlər ki, nə zamansa Azərbaycanın və Türkiyənin Ermənistanla münasibətləri normallaşacaq və Doha həmin tarixi gözləmədən İrəvanla yaxşı münasibətlər qurmalıdır. Ancaq Doha erməni diplomatlarının maaşlarını ödəyirsə, bu, Ermənistanla yaxşı münasibətlərdən daha irəli getməkdir ki, Azərbaycanda Qətərlə bağlı suallar doğurmalıdır.
(Atlassam)