Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları bir arada
Ceyhun Bayramov: “Biz daha çox sülh müqaviləsi məsələsinə fokuslanacağıq”
Astanada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub. “Avronews” xəbər verir ki, görüşdə Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov Bakının postmünaqişə nizamlanması sahəsinə, o cümlədən sülh müqaviləsi məsələsinə fokuslanacağını deyib.
“Üçtərəfli formatın mayda baş tutan sonuncu görüşümüzdən sonra bir sıra çoxtərəfli və ikitərəfli əsasda kontaktlar olub. Düşünürəm ki, bu baxımdan ötən dövr ərzində gedən inkişafı gözdən keçirmək, məsələləri müzakirə etmək faydalı olardı”, - deyə Bayramov bildirib.
Əlavə edib ki, sülh nizamlanmasının digər məsələləri: dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, həmçinin, humanitar xarakterli məsələlər də müzakirə ediləcək.
Rusiya XİN başçısı Sergey Lavrov baş tutan görüşdən məmnunluğunu dilə gətirib: “Zamanın tez keçdiyini, hadisələrin olduqca sürətli inkişaf etməsini nəzərə alaraq mən hesab edirəm ki, bu gün bu barədə danışmaq üçün rahat məqamdır”.
“Biz həmçinin öz liderlərimizə onların imzaladıqları razılaşmaların yerinə yetirilməsi barədə nələri məruzə edə biləcəyimizə baxacağıq”, - deyən Lavrov gələcək addımlar barədə daha ətraflı təsəvvür yaranacağına əmin olduğunu söyləyib.