Cəbhədəki toqquşmalarla bağlır Bakı ilə Ankara arasında məşvərət
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanın təxribatını müzakirə ediblər
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub. “Avronews” Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayramov 12 sentyabr gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.
Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.
Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini tam yerinə yetirməsinin vacibliyini vurğulayıb.