Dövlət Departamenti: Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması bizim üçün prioritet olacaq
“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi hər iki ölkənin rəsmiləri ilə gündəlik təmasdadır”
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanla münasibətləri ən yüksək səviyyədə saxlamaqda davam edir. “Avronews” xəbər verir ki, ABŞ Dövlət Departamentinin (DD) sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında belə açıqlama ilə çıxış edib.
Dövlət katibi Entoni Blinkenin bu yaxınlarda Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş keçirdiyini xatırladan Prays deyib ki, bu, son toqquşmalardan sonra nazirlərin ilk görüşü idi.
“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də hər iki ölkənin rəsmiləri ilə gündəlik təmasdadır. Ona görə də biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticə vəd edə bilmərəm, amma söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq”, - deyə DD sözçüsü vurğulayıb.