“Əliyevin təminatları Avropa bazarlarında sabitliyi təmin edə bildi” – YOHANNİS
Rumıniya Prezidenti: “Azərbaycandan nəql olunan qaz regionumuzun qaz bazarına stabillik və təhlükəsizlik təminatı gətirib”
“2022-ci ildə hamımız görünməmiş enerji problemləri ilə üzləşdik: qaz qıtlığı və ya münasib qiymətə qaz mənbələrinin olmaması, qiymətlərin dəyişməsi və s. Bu çağırışlar mürəkkəb siyasət və tənzimləyici dəyişikliklər tələb edirdi. Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunan qaz regionumuzun bir çox dövlətlərinin qaz bazarına stabillik və təhlükəsizlik təminatı gətirib”.
“Avronews” xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında deyib.
“Xəzər qazının Avropa bazarı üçün əlçatanlığı ilə bağlı Azərbaycan, şəxsən Prezident İlham Əliyev tərəfindən verilən təminatlar bazarlar üçün kritik bir zamanda çox ehtiyac duyulan sabitliyi və proqnozlaşdırıla bilənliyi təmin edib. Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bağlanması Cənub Qaz Dəhlizinin Aİ-nin mənbələrin şaxələndirilməsində mühüm element kimi rolunun daha da təqdir edilməsinə yol açıb”, - deyə Rumıniya Prezidenti bildirib.
Yohannisin sözlərinə görə, ölkəsi Cənub Qaz Dəhlizinin Mərkəzi və Cənub-Şərqi Avropada yeni bazarlara daxil ola bilməsi ilə bağlı səylərdə iştirak öhdəliyinə zəmanət verib: “Biz həm də artan daxili istehlakımızı ödəmək üçün Xəzər qazının əlavə həcmində maraqlı olaraq qalırıq. Rumıniya qaz nəqli potensialının inkişafına, eyni zamanda, qonşu ölkələrlə əlaqəyə böyük sərmayələr qoyub”.